
Hazırda Türkiyədə “fond böhranı” adı ilə müzakirə olunan məsələ həm maliyyə, həm də siyasət gündəminin əsas mövzularından birinə çevrilib.
Yeniavaz.com xəbər verir ki, söhbət əsasən bəzi investisiya fondları və şirkətlərin səhmləri ilə bağlı aparıldığı bildirilən şübhəli əməliyyatlardan gedir.
İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparır və son günlər yeni həbslər və əməliyyatlar həyata keçirilib.
Böhranın mərkəzində “Tera” və “Pusula” kimi investisiya qurumları, eləcə də “Özata Denizcilik” və digər şirkətlərin səhmləri ilə bağlı əməliyyatlar dayanır. Türkiyənin Kapital Bazarları Şurası (SPK) “Özata Denizcilik” səhmləri üzrə araşdırmadan sonra 11 nəfər barəsində cinayət işi başlanması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Məsələ siyasi müstəviyə isə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Fatma Betül Sayan Kayanın adının bu proseslə bağlı gündəmə gəlməsindən sonra keçib. Müxalif YENİ Partiyanın sözçüsü Zeynel Emre Kaya və onun həyat yoldaşının “Özata Denizcilik” səhmlərindən böyük məbləğdə gəlir əldə etdiyini iddia edib.
İddiaya görə, Fatma Betül Sayan Kaya və həyat yoldaşı İlyas Kaya 5 aydan az müddətdə təxminən 163,4 milyon lirə (5,6 milyon manat) investisiya qoyaraq 2 milyard 170 milyon lirə (75,3 milyon manat) qazanc əldə ediblər.
Bundan sonra Fatma Betül Sayan Kaya sentyabrın 26-da AKP-də tutduğu bütün vəzifələrdən istefa etdiyini açıqlayıb. O, qərarını araşdırmanın müstəqil və sağlam şəkildə aparılması üçün siyasi məsuliyyət götürməsi ilə izah edib.
AKP sözçüsü Ömer Çelik isə Kaya ilə bağlı istefa müraciətinin Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildiyini bildirib.
Türkiyənin mətbuat orqanları yazır ki, prosesdən təsirlənən fondlarda yüz minlərlə investorun aktivləri var və söhbət milyardlarla lirə dəyərində vəsaitdən gedir.
Türkiyə hökuməti isə məsələnin maliyyə sisteminə genişmiqyaslı təhlükə yaratmadığını bildirir. Maliyyə naziri Mehmet Şimşek investorların qanuni hüquqlarının qorunacağını və prosesdən təsirlənməyən şirkətlərə qarşı tədbir görülməyəcəyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz