
Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “Italiana Petroli” (IP) şirkəti İtaliyada yanacağının qiymətini artırmadığı üçün ölkənin baş naziri Corcia Meloni Prezidenti İlham Əliyevə və SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, Corcia Meloni bu barədə “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Corcia Meloninin paylaşımını təqdim edirik:
“Eni”dən sonra “IP”də bütün ölkə ərazisində yanacağın qiymətini məhdudlaşdırmaq qərarına gəlib. Bu, İtaliya ailələrinə göstərilən diqqətin mühüm göstəricisidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə əməkdaşlığımızı gücləndirən diqqətə görə, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm.
Hökumət ailələrə dəstək olmaq və onların alıcılıq qabiliyyətini qorumaq üçün, xüsusilə də beynəlxalq vəziyyətin bu qədər mürəkkəb olduğu bir mərhələdə, fəaliyyətini davam etdirəcək”.
Məlumat üçün bildirək ki, İtaliyanın aparıcı enerji şirkətlərindən olan “Italiana Petroli” şirkətinin əsası 1933-cü ildə qoyulub və baş ofisi Roma şəhərində yerləşir. Uzun illər “Brachetti-Peretti” ailəsinə məxsus (“API Holding” tərkibində) xüsusi şirkət olaraq fəaliyyət göstərib. SOCAR 2026-cı ilin may ayında “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82%-nin satın alınması prosesini rəsmən başa çatdırıb. Şirkət İtaliya miqyasında 4 500-dən çox yanacaqdoldurma məntəqəsi (YDM) ilə fəaliyyət göstərir. Həmçinin, illik təxminən 10 milyon ton (gündəlik 200 min barrel) emal gücünə malik iki neft emalı zavoduna, böyük logistika şəbəkəsinə və xüsusi saxlama anbarlarına sahibdir. Əsas fəaliyyəti benzin və dizel satışı, aviasiya yanacağı (JET A-1), bitum, maye qaz (LPG) və mühərrik yağlarının istehsalı və tədarükündən ibarətdir.
Tətbiqimizi yükləyə bilərsiniz