
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus “Remus 600” pilotsuz sualtı aparatının (UUV) ələ keçirildiyini açıqlayıb.
Yeniavaz.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamada cihazın kəşfiyyat məqsədləri üçün istifadə edildiyi bildirilib.
İran tərəfinin məlumatına görə, aparat kəşfiyyat imkanları və elektron müharibə sistemlərindən istifadə edilən mürəkkəb əməliyyat nəticəsində ələ keçirilib. SEPAH bildirir ki, pilotsuz sualtı aparat daha sonra məlumatların çıxarılması və təhlili məqsədilə mütəxəssislərə təhvil verilib.
İran hərbçiləri “Remus 600”ü ABŞ istehsalı olan müasir pilotsuz sualtı aparat kimi təqdim edib. Açıqlamaya əsasən, aparat Hörmüz boğazında kəşfiyyat missiyası həyata keçirib.
SEPAH Hərbi Dəniz Qüvvələri həmçinin Hörmüz boğazının “bağlandığını” açıqlayıb. İran tərəfi strateji su yolunda təhlükəli hesab etdiyi fəaliyyətlərə və gəmilərin icazəsiz marşrutlarla hərəkətinə qarşı tədbirlərin davam etdiriləcəyini bildirib.
Bu, SEPAH-ın sentyabr ayında ələ keçirdiyini açıqladığı ikinci ABŞ istehsalı pilotsuz sualtı aparatıdır. Sentyabrın 8-də İran tərəfi Hörmüz boğazının girişinə yaxın ərazidə başqa bir pilotsuz sualtı aparatın ələ keçirildiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz