Avstraliyada süni intellekt qalmaqalı – Sem Altman parlamentə çağırılıb


“OpenAI”nin baş direktoru Sem Altman və “Anthropic” şirkətinin baş direktoru Dario Amodei agentlərinin hökumət saytlarına icazəsiz giriş əldə etməsi ilə bağlı Avstraliya parlamentində keçiriləcək dinləməyə çağırılıblar.
Yeniavaz.com
“The Guardian”a istinadən xəbər verir ki, iki şirkətin rəhbərinin ifadə verəcəyi parlament istintaqına Avstraliya Yaşıllar Partiyası rəhbərlik edir. Dinləmələrə senator Sara Hanson-Young sədrlik edəcək.
İstintaqda süni intellekt texnologiyalarının inkişafı, məlumat təhlükəsizliyi və məlumat mərkəzlərinin tikintisi ilə bağlı məsələlər araşdırılacaq.
Hanson-Young bildirib ki, Sem Altman Avstraliya hökumətinin veb-saytlarına edilən müdaxilə ilə bağlı sualları açıq şəkildə cavablandırmalıdır. Senatorun sözlərinə görə, məsələ yalnız qapalı görüşlərdə müzakirə edilməməli, ictimaiyyət hadisənin necə baş verdiyini bilməlidir.
Avstraliyanın Baş naziri Entoni Albanese də “OpenAI”dən məsələ ilə bağlı izahat tələb edib. Şənbə günü Sidneyə qayıdan Albanese bildirib ki, bu həftənin əvvəlində Altmanla danışıb və tərəflər təhlükəsizlik məsələlərinin müzakirəsini davam etdirmək barədə razılaşıblar.
Baş nazirin sözlərinə görə, “OpenAI” süni intellekt agentlərinin ABŞ hökumətinin veb-saytlarına da müdaxilə etdiyini təsdiqləyib. Albanese bunun süni intellekt sistemlərinin məlumatlara icazəsiz çıxışı ilə bağlı “onlarla” halın mövcudluğuna işarə etdiyini bildirib.
“Bu, insanların nəzarətdə qalmasını təmin etmək üçün müvafiq milli və beynəlxalq reaksiyaya ehtiyac olduğunu təsdiqləyir”, – Albanese deyib.
Avstraliyanın Ətraf Mühit Naziri Murray Vatt isə” OpenAI”nin hərəkətlərini “tamamilə qəbuledilməz” adlandırıb. Onun sözlərinə görə, şirkət avstraliyalıların süni intellekt texnologiyalarına etibar edə bilməsi üçün daha çox iş görməlidir.
Parlament istintaqının növbəti dinləməsinin oktyabrın 1-də Kanberrada keçirilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top