
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının şimalında HƏMAS komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, İDF və İsrail Təhlükəsizlik Xidmətinin (“Şin Bet”) məlumatına görə, Məhəmməd Həməd Məhəmməd Qabainə qarşı zərbə çərşənbə axşamı həyata keçirilib. İsrail tərəfi Qabaini israilli girovların saxlanılmasında iştirak etməkdə ittiham edib.
İDF-nin bildirdiyinə görə, Qabain Ziv Berman, Qali Berman, Eitan Mor, Liri Albaq, Aqam Berger, Matan Anqrest, Omri Miran, Keyt Siqel və Alon Ohelin əsir götürülməsində iştirak edib.
İsrail ordusu həmçinin iddia edib ki, Qabain son dövrdə İsrail hərbçiləri və mülki şəxslərə qarşı hücumların hazırlanmasında, eləcə də HƏMAS-ın hərbi imkanlarının bərpasında fəaliyyət göstərib.
İDF-nin açıqlamasında Qabainin bu fəaliyyətinin atəşkəs rejiminin “sistematik şəkildə pozulması” şəraitində həyata keçirildiyi bildirilib.
İsrail ordusu zərbənin Qabainin yaratdığı təhlükəni aradan qaldırmaq məqsədilə həyata keçirildiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz