
II tip diabet diaqnozu alan insanlarda zaman keçdikcə ciddi sağlamlıq problemlərinin yaranma riski artır.
Yeniavaz.com xəbər verir ki, araşdırma ABŞ-də 1,6 milyondan çox diabet xəstəsinin məlumatları əsasında aparılıb və nəticələr Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD) illik konfransında təqdim olunacaq.
Araşdırmaya görə, diabet diaqnozundan sonra ilk 5 il ərzində xroniki böyrək xəstəliyi, ürək çatışmazlığı və ya ölüm riskinin orta göstəricisi 33 faizdir. 10 ildən sonra bu göstərici 55 faizə yüksəlir.
Tədqiqatda 2010-2024-cü illər arasında ilk dəfə II tip diabet diaqnozu qoyulan 1 milyon 617 min 508 xəstənin məlumatları araşdırılıb. İştirakçıların orta yaşı 59 olub. Onların 51 faizi qadın olub.
Xəstələrin əksəriyyətində əlavə risk faktorları da müəyyən edilib. Onların 72 faizində qanda xolesterin və digər yağların səviyyəsi yüksək olub. 68 faizində isə yüksək arterial təzyiq qeydə alınıb.
Araşdırma zamanı xroniki böyrək xəstəliyinin ürək çatışmazlığından daha tez-tez yarandığı məlum olub. İlk 5 il ərzində böyrək xəstəliyinin ürək çatışmazlığından əvvəl yaranma ehtimalı 19 faiz təşkil edib. Ürək çatışmazlığının əvvəl yaranma ehtimalı isə 8,3 faiz olub.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bu xəstəliklərdən birinin yaranması digərinin riskini də artırır. Ürək çatışmazlığı yaranan xəstələrdə sonrakı 5 il ərzində xroniki böyrək xəstəliyinin yaranma ehtimalı 42 faiz olub. Əvvəlcə xroniki böyrək xəstəliyi yarananlarda isə sonrakı 5 il ərzində ürək çatışmazlığı riski 23 faiz təşkil edib.
Tədqiqatın rəhbərlərindən biri, Qlazqo Universitetinin professoru Navid Sattar bildirib ki, nəticələr II tip diabetlə bağlı ciddi fəsadların riskinin zaman keçdikcə sürətlə artdığını göstərir.
Alimin sözlərinə görə, piylənmə, yağ mübadiləsinin pozulması, yüksək qan təzyiqi və qanda şəkərin yüksək olması qan damarlarına və vacib orqanlara zərər verə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz