
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, onun göstərişi ilə müxtəlif ölkələrlə danışıqlar aparmaq və İranla iqtisadi əlaqələri məhdudlaşdırmağa nail olmaq üçün dünyanın müxtəlif bölgələrinə nümayəndə qrupları göndərilib.
Yeniavaz.com xəbər verir ki, ABŞ rəsmisinin açıqlamasına görə, Türkiyə və Oman İranın “Mahan Air” aviaşirkətinin uçuşlarını dayandırıb. Birləşmiş Ərəb Əmirlikləri isə İran aviaşirkətlərinin uçuşlarına məhdudiyyət qoyub. “Mahan Air” ABŞ-nin əvvəlki sanksiyalarına da məruz qalan İran şirkətlərindəndir.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı yeni sanksiyalar tətbiq edərək 27 İran aviaşirkətini və onlarla əlaqəli qurumları hədəfə alıb. Vaşinqton bu şirkətlərin İranın hərbi və digər fəaliyyətləri üçün istifadə edildiyini bildirir.
İrana qarşı maliyyə məhdudiyyətləri də artırılıb. BƏƏ Mərkəzi Bankı sentyabrın 23-də “İranın Bank Melli” bankının ölkədəki filiallarının İranla əməliyyatlarını bloklayıb. Türkiyə isə bundan əvvəl İranın “Bank Mellat” bankının fəaliyyət lisenziyasını ləğv edib.
“Wall Street Journal” məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin terrorizmin maliyyələşdirilməsi üzrə məsul şəxslərindən biri Conatan Börk iki həftə ərzində Yaxın Şərq və Avropa ölkələrinə səfərlər edib. Məqsəd İranla bağlı yeni iqtisadi məhdudiyyətlərin tətbiqinə nail olmaq olub. Qəzet ABŞ Maliyyə Nazirliyinin 50-dən çox ölkə ilə danışıqlar apardığını yazıb.
Bessent daha əvvəl bütün İran aviaşirkətlərinin dünya üzrə fəaliyyətinin dayandırılacağını açıqlamışdı. Lakin hazırda bəzi kiçik İran aviaşirkətləri, xüsusilə Çin istiqamətində, beynəlxalq uçuşları davam etdirir.
Tətbiqimizi yükləyə bilərsiniz