
ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) məlumatına görə, alimlər dağınıq sklerozun (MS) yaratdığı görmə itkisi və iflicin aradan qaldırılmasına kömək edə biləcək yeni müalicə üsulu müəyyən ediblər.
Yeniavaz.com İnstitutun yaydığı məlumata istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər K-9 adlı dəyişdirilmiş HIV dərmanını araşdırıblar.
Preparatın MS modeli üzərində aparılan sınaqlarda sinir sistemində yaranan zədələnmələrin bərpasına kömək etdiyi müəyyənləşdirilib.
Alimlərin bildirdiyinə görə, preparat xəstəliyin inkişafında rol oynayan immun hüceyrələrinin fəaliyyətini dəyişdirərək iltihabı azaltmağa və sinirlərin qoruyucu örtüyünün bərpasına kömək edə bilər.
Araşdırmada preparatın tətbiqindən sonra görmə itkisi və iflic kimi əlamətlərin geri çevrildiyi müşahidə olunub.
K-9 hələ dağınıq sklerozun müalicəsi üçün təsdiqlənmiş dərman deyil. Tədqiqatın nəticələri əsasən laboratoriya və heyvan modellərinə əsaslanır. Preparatın insanlarda MS müalicəsində nə dərəcədə effektiv və təhlükəsiz olduğunu müəyyənləşdirmək üçün əlavə klinik sınaqlara ehtiyac var.
Alimlər növbəti mərhələdə bu müalicə üsulunun dağınıq skleroz xəstələri üzərində sınaqdan keçirilməsini planlaşdırırlar.
Tətbiqimizi yükləyə bilərsiniz