
Həyatımızın üçdə biri yatmaqla keçir. Ancaq Napoleon Bonapart bir gecədə orta hesabla 4 saat yatdığı halda, Tomas Edison yatmağın vaxt itkisi olduğunu iddia edirdi. Elə isə niyə yatmaq ehtiyacı hiss edirik? Əslində, bu sual əsrlər boyu alimlərin cavab tapmaq istədikləri, ancaq cavab tapmaqda çətinlik çəkdikləri bir sualdır. Buna baxmayaraq, bəzi alimlər yuxunun gündəlik fəaliyyətlərdə sərf etdiyimiz enerjini bərpa etmək üçün lazım olduğunu deyirlər. Ancaq onlar 8 saatlıq yuxunun insana verdiyi enerjinin yediyimiz bir sendviçin verdiyi enerji ilə eyni olduğunu unudurlar (yəni, cəmi 50 kkal).
Yatırıq, çünki beynimizin inkişafı üçün yuxuya ehtiyac hiss edirik. Başqa sözlə, həm nitqimizin, həm təfəkkürümüzün, həm də yaddaşımızın inkişafında yuxudan istifadə edirik.
Elə isə insan yatmasa nə olar? Əgər yuxunun əhəmiyyətini dərk etmək istəyiriksə, hər şeydən əvvəl bu suala cavab verməliyik.
Yuxusuzluq, ilk növbədə, özünü yorğunluq kimi büruzə verir. Digər tərəfdən, unutqanlıq da yuxusuzluğun bir nəticəsi kimi baş verir. Yuxusuzluğun başqa bir nəticəsi isə dalğınlıqdır. Çünki təkcə bir gecə yuxusuz qalmaq belə istədiyimiz bir şeyə köklənməkdə çətinlik çəkmək üçün kifayətdir. Mütəmadi olaraq yuxusuz qaldıqda isə beyinin nitqimizə, təfəkkürümüzə və yaddaşımıza nəzarət edən hissəsi iflasa uğrayır və bunun bir nəticəsi kimi beyin öz-özünü avtomatik olaraq bağlayır.
Digər tərəfdən, yuxusuzluq təkcə psixoloji fəaliyyətlərimizə yox, eyni zamanda fiziki fəaliyyətlərimizə də mənfi təsir göstərir. Yuxu apnesi kimi tanıdığımız xəstəlik də (yuxuda nəfəs tutulması və ya kəsilməsi) ifrat yuxusuzluqdan irəli gələn bir xəstəlikdir. Araşdırmalar yuxusuzluğun çəki artımı ilə də yaxından bağlı olduğunu göstərir. Çünki çəkimizi qorumaq üçün lazım olan maddələr məhz yuxu zamanı ifraz olunur.
Bəs elə isə nə qədər yatmalıyıq? Hər şeydən əvvəl deyək ki, hamının yuxu müddəti eyni deyil. Yuxu müddəti orta hesabla 7,75 saat olsa da, bəziləri 5, bəziləri isə 11 saat yuxu ilə kifayətlənir. Digər tərəfdən, təkcə insanların yox, heyvanların da yuxu müddətləri fərqlidir. Məsələn, piton üçün bu müddət 18 saat, pələng üçün isə 15,8 saatdır. Digər tərəfdən, pişik gündə 12,1 saatla kifayətləndiyi halda, meymun 9,7 saatla kifayətlənir. Qoyunun və filin yuxu müddətlərinə gəlincə, bu müddətlər demək olar ki, çox yaxındır (qoyunda 3,8 saat, fildə isə 3,3 saat). Bu heyvanlar arasında ən az yatan isə zürafədir: cəmi 1,9 saat.
P. S. Yeri gəlmişkən deyək ki, dünyada ən çox yuxusuz qalma rekordu Rendi Qardnerə aiddir. O bu rekorda 1965-ci ildə nail olub. Rendi Qardner 264 saat və ya 11 gün yuxusuz qalıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz