
Media və sosial şəbəkələrdə deputat Fəzail İbrahimlinin bir müddət öncə qarpız satıcısı ilə yaşadığı insident ətrafında müxtəlif məlumatlar yayılıb. Bununla bağlı iddialarda qeyd olunur ki, deputatın şikayətindən sonra qarpız satıcısı işini itirir.
Yeniavaz.com xəbər verir ki, deputat Fəzail İbrahimli Modern.az-a bildirib ki, bəzi KİV-lər hadisənin mahiyyətini araşdırmadan yalnız bir tərəfin yaydığı məlumatlar əsasında məsələni gündəmə gətirir:
“İkinci gündür KİV-lərin bir qrupu heç bir araşdırma aparmadan, həqiqətin harada olduğunu, hadisənin məkanını və ünvanını bilmədən bu informasiyaya səfərbər olublar. Təəssüf ki, bəzi saytlar heç bir araşdırma aparmadan, həqiqəti öyrənmədən məsələni gündəmə gətiriblər. Yazıq, fağır, zəhmətkeş, balalarına çörək tapa bilməyən adam obrazı yaradılır, digər tərəfdən isə bir millət vəkili, professor ideoloji cəhətdən təqiblərə və təhqirlərə məruz qoyulur. Məsələnin mahiyyətini öyrənəndən sonra üzünü, yaxasını cıranlar, söyüş söyənlər hadisənin əslini bilməlidirlər. İnsan millət vəkili də olsa, öz əməlinin həm ağası, həm də quludur”.
Deputat hadisənin necə baş verdiyini də danışıb:
“Yol kənarında qarpız satıldığını gördüm və istədim ki, qarpız alım. Satıcı qarpızlardan bir-ikisini kəsdi, ağ çıxdı. Mən də doğrusu, buna ziyan olmasın deyə istədim ki, həmin qarpızların pulunu verim və uzaqlaşım. Zəhmətkeşdir, qarpız satır. Dedim ki, əziz qardaşım, sən daha kəsmə, malını ziyan etmə. O isə mənə dedi ki, “bilirəm, sən xeyir verənə oxşamırsan”. Bundan sonra mənə qarpız verənləri də söyməyə başladı, əsəbiləşdi.
Mən də dedim ki, dünyanın axırı deyil, qarpızının ağ çıxması mənim günahım deyil. Mən də alıcıyam, niyə narahat olursan? Hər şey qaydasına düşəcək. Yenə dedi ki, “sir-sifətindən xeyir verənə oxşamırsan”. Dedim, cavan oğlansan, niyə məni ittiham edir, üstümə gəlirsən?”
F.İbrahimli bildirib ki, bundan sonra vəziyyət daha da gərginləşib:
“Bu sözü deyəndə əlində qarpız kəsən bıçaq vardı və onu düz mənim çənəmin altında saxladı. Hadisələrin gedişinə baxmayaraq, mən deyəsən ikinci dəfə hüquqlarımı müdafiə etməli oldum. Başladı deməyə ki, “sən Allahsan, nəsən, səni niyə tanımalıyam?” Mənə yaxın gələndə gözünün içinə baxdım və gördüm ki, özü-özündə deyil. Obyektiv və ya subyektiv baxımdan insan özündə deyildi, sanki başqa aləmdə idi.
Hər dəqiqə əlindəki bıçaqla xəta törədə bilərdi. Bıçağı yelləyə-yelləyə danışırdı. Mənə “qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə düz çənəmin altında dayanmışdı. Mən də oradan tez uzaqlaşdım”.
Deputat qeyd edib ki, şikayət etməkdə məqsədi satıcıya qarşı ağır tədbir görülməsi olmayıb:
“Mənim yerimə həmin jurnalistlər, yaxasını cıranlar, söyüş söyənlər olsaydı, nə edərdi? Mən özümü müdafiə etmək üçün yox, o adamın oraya gələn hər bir insana xətər yetirə biləcəyini düşündüyüm üçün məsələyə müdaxilə etdim. Mən bununla rəftar edə biləcəyim halda “qaçım, məndən keçdi, qardaşıma dəydi” prinsipi ilə uzaqlaşaraq məsələni qoyub gedə bilməzdim. Bu insan tərbiyə olunmalıdır.
Mənim statusum, toxunulmazlığım var. Hüquqlarımı müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Çox uğurla və qısa müddət ərzində nəticə verdi, onu apardılar. Məqsədim ona cinayət işi açdırmaq deyildi. Məqsəd onun islah olunması, abır-ismətini özünə yığıb işi ilə məşğul olması idi”.
F.İbrahimli satıcının cərimələndiyini də bildirib:
“Özünün dediyinə görə, 50 manat cərimə olunub. Sual olunur ki, düzgün adamdırsa, niyə cərimə olunub? Bu gün KİV yeni, oxunaqlı mövzu tapıb ki, guya bu adam işini itirib və iki aydır ac-yalavacdır. O, gözünün içinə qədər yalan danışır. O, işini mənə görə yox, işlədiyi köşkün yerinə görə itirib. Onu oradan daima tərbiyəsizlik etdiyi üçün qovublar. Özünü elə qələmə verir ki, guya bunun köşkü olub, mən dağıtdırmışam. Halbuki o, sadəcə satıcı idi. Sonuncu hadisədən sonra ağıllı adam onun işinə yaramadığını görüb və onu qovub. Köşk də yerindədir, onun yerinə başqası işləyir”.
Deputat bildirib ki, hadisənin onun üzərinə atılmasına çalışıldığını düşünür:
“Bu işdən qovulma məsələsini deputatın üzərinə atmağa çalışırlar ki, cəmiyyətdə desinlər: “Ay zalım deputat, bu adamı işindən edib”. Halbuki onu mən yox, öz əməlləri və tərbiyəsizliyi bu vəziyyətə gətirib. Məsələni elə qoyurlar ki, guya ağ qarpıza görə bütün bu müsibətləri mən törətmişəm.
Mənə qarşı istifadə etdiyi ifadələr, atdığı addımlar tərbiyəsiz və döyüşkən forma almışdı. Həmin an ona bir söz desəydim, yəqin ki, mənə qarşı daha ciddi, ağlasığmaz addımlar ata bilərdi. Mən onun yaxasından qurtulub canımı qurtarmağın yolunu axtarırdım”.
F.İbrahimli sonda mediada hadisənin təqdimatından təəssüfləndiyini bildirib:
“İndi bu adam işini itirdiyini deyib fəryad edir. Kiminsə diqtəsi ilə işini itirib, müxtəlif şər-böhtanlarla daha da itkiləri ola bilər. Ağlı olsa, başını aşağı salıb keçirdiyi hadisədən nəticə çıxarar. Mən çox təəssüf edirəm ki, bu gün bir qrup saytın rəngi gözümün qabağında dəyişdi”.
25 sentyabr, saat 22:10
Bakı sakini millət vəkili Fəzail İbrahimlidən şikayətçidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Musavat.com-a müraciət edən 42 yaşlı Xəyal Əsədov deputat Fəzail İbrahimli ilə bağlı başına gəldiyini iddia etdiyi hadisə barədə danışıb.
Dörd uşaq atası olduğunu deyən və küçə ticarəti ilə ailəsini dolandırdığını bildirən şikayətçi hadisədən sonra iş yerindən olduğunu, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini söyləyib.
Onun sözlərinə görə, hadisə avqustun 3-də Yeni Yasamal ərazisində fəaliyyət göstərdiyi meyvə-tərəvəz satış nöqtəsində baş verib.
Satıcı bildirib ki, həmin gün yaşlı bir kişi ona yaxınlaşaraq qarpız almaq istəyib. Xəyal Əsədovun sözlərinə görə, qarpızlardan birini kəsib, giləmeyvə ağ çıxıb. Daha sonra digər qarpızı kəsərək alıcıya göstərib.
X. Əsədov iddia edir ki, həmin şəxs ondan kim olduğunu bildiyini soruşub. O isə qarşısındakı şəxsin kimliyindən xəbərsiz olduğunu və söhbət zamanı kobud ifadə işlətmədiyini bildirir.
“Dedim ki, ay ağsaqqal, kimsən axı? Nə xox gəlirsən mənə? Dövlət vəzifəlisi də olsan, adi vətəndaşsan, yaxınlaşmısan məndən qarpız alırsan. Sən qarpız alansan, mən də qarpız satan. İsti hava idi, yorğun idim, borc-xərc içində olan adamam. Ola bilsin, danışığım bir qədər kobud çıxıb. Amma nalayiq söz və ya ifadə işlətməmişəm”, – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, hadisə zamanı yaxınlıqda olan taksi sürücüsü də söhbətin şahidi olub. Əsədovun iddiasına görə, qarşı tərəf daha sonra polisə müraciət edib və onun barəsində şikayət verilib.
“15 dəqiqə keçmədi, Yasamal ərazisindən çox sayda polis əməkdaşı gəldi. Məni apardılar. Orada bildim ki, həmin şəxs deputat Fəzail İbrahimlidir. Mən onu həqiqətən tanımamışdım”, – deyə Xəyal Əsədov bildirib.
Şikayətçi deyir ki, polisə aparılarkən qarpız kəsmək üçün istifadə etdiyi bıçaq da götürülüb. Onun sözlərinə görə, deputatın özünü bıçaqla hədələdiyini bildirməsindən sonra məsələ araşdırılıb. Onun iddiasına görə, hadisə yerinə aid təhlükəsizlik kamerasının görüntülərinə baxıldıqdan sonra onun qarşı tərəfə bıçaqla hədə-qorxu gəlmədiyi müəyyənləşib.
“Bölmə rəisi və digər əməkdaşlar kameraya baxdılar. Gördülər ki, mən bıçaqla heç kimə hədə-qorxu gəlməmişəm. Sadəcə qarpızı kəsmişəm, sonra da bıçağı kənara qoymuşam. Səhəri gün məni buraxdılar və 50 manat cərimə olundum”, – deyə o bildirib.
Əsədov həmin mərhələdə polis əməkdaşlarının kamera görüntülərini araşdırmasını müsbət qiymətləndirib:
“Azərbaycan polisinə həqiqətən güvənməyinə dəyər. Başqa halda kamera görüntüsünü araşdırmaya da bilərdilər. Amma gəlib yerində kameraya baxdılar və gördülər ki, mən cinayət xarakterli hərəkət etməmişəm”.
Lakin şikayətçinin sözlərinə görə, əsas problem bundan sonra başlayıb. O iddia edir ki, hadisədən sonra işlədiyi satış yeri sökülüb və hazırda ailəsini dolandırmaq üçün əvvəlki imkanından məhrum olub.
“Gəldim gördüm ki, yerimi sökürlər. Mən iki aydır zülm, əziyyət çəkirəm. Çörəyimdən olmuşam. Küçənin qırağında, səkinin kənarında alver edib dörd bala böyüdürəm”, – deyə Əsədov bildirib.
Dörd övladının olduğunu deyən şikayətçi onların birinin ali təhsil aldığını, digər üç övladının isə məktəbdə oxuduğunu qeyd edib.
“Övladlarımın məktəb ləvazimatlarını, geyimini almaqda çətinlik çəkirəm. Mən özüm birtəhər dözərəm. 90-cı illərin aclığını görmüşəm. Amma uşaqlar bu əziyyətə dözə bilmirlər. Mənə görə onların da psixoloji əziyyət çəkdiyini görürəm. 42 yaşım var. Narkoman olmamışam, həbsdə yatmamışam, cinayətkar olmamışam. Dövlətdən də bir qəpik almamışam. Öz əlimin əziyyəti, alın tərimlə balalarımı dolandırmışam. İndi isə bir hadisəyə görə həm işimdən olmuşam, həm də uşaqlarımın qarşısında çətin vəziyyətə düşmüşəm. Mən bir deputatın qarpızın ağ çıxmasına görə yaranan mübahisədən sonra bu vəziyyətə düşdüyümü düşünürəm. İki aydır bunun əziyyətini çəkirəm”, – deyə Xəyal Əsədov bildirib.
Deputat Musavat.com-a bildirib ki, sözügedən məsələ ilə aidiyyəti qurumlar məşğul olur. O, hadisə ilə bağlı şikayətçinin səsləndirdiyi iddiaların doğru olmadığını bildirib və detalları açıqlamayıb.
Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclisin hazırkı deputatı və parlament sədrinin müavinidir.
Tətbiqimizi yükləyə bilərsiniz