
“Volkswagen” şirkəti dünya üzrə 2,1 milyondan çox avtomobili əhatə edən genişmiqyaslı servis kampaniyası elan edib.
Yeniavaz.com xəbər verir ki, Almaniyanın avtomobil təşkilatı ADAC-ın məlumatına görə, problem sükan ötürücüsündəki yivli birləşmə ilə bağlıdır.
Bildirilib ki, müəyyən şərtlərdə, o cümlədən korroziya səbəbindən bərkidici boşala və sıradan çıxa bilər.
Bu vəziyyət ən pis halda avtomobilin idarə olunmasını çətinləşdirə və sükan sisteminin tamamilə sıradan çıxmasına səbəb ola bilər. Nəticədə qəza riski yarana bilər.
Servis kampaniyası 2013-cü ilin sentyabrından 2024-cü ilin iyuluna qədər istehsal olunmuş “Volkswagen Golf”, “Golf Variant”, “Tiguan”, “Touran” və “Caddy” modellərini əhatə edir.
Həmçinin 2017-ci ilin oktyabrından 2024-cü ilin mayına qədər istehsal olunan “Audi Q3” avtomobilləri də kampaniyaya daxildir.
Servis zamanı bərkidici qurğu yoxlanılacaq. Problem yarada biləcək bolt daha korroziyaya davamlı boltla əvəz olunacaq. Bu iş avtomobil sahibləri üçün pulsuz həyata keçiriləcək.
Məlumata görə, hazırda sözügedən qüsurla bağlı qəza və ya xəsarət barədə heç bir məlumat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz