"Yolda avtomobilinizi yerləşə bilən hər yerə salmayın"

Qarlı hava şəraiti ilə əlaqədar avtomobillərin qəza riski artıb. Bununla əlaqədar yol polisi sürücülərə təkrar müraciət ünvanlayıb. Yeniavaz.com xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov da sürücülərə öz tövsiyələrini verib: "Hörmətli piyada və sürücülər, bu səhər Bakıda müşahidə edilən hava şəraiti yollarda hərəkət üçün daha ciddi ehtiyatlılıq tələb edir. Gecədən bəzi yerlərdə buzlaşma var idi, səhər tezdən onun üstünə qar yağmaqdadır. Nəzərə alın ki, buzun üstündə təzə qar ən pis sürüşkənlik effekti yaradır, həm də adamı aldada bilər. Körpülərdə, küləyin daha çox vurduğu yerlərdə daha diqqətli olmaq lazımdır. Sürücülərə həmişə tövsiyə edirik ki, belə şəraitdə ara məsafəsini daha böyük saxlayın, asta sürətlə gedin. Amma ən ciddi məsələlərdən biri də intervaldır. Yan-yana təhlükəsiz interval saxlamaq vacibdir. Yol 2 zolaqdırsa, elə 2 cərgə ilə getmək lazımdır ki, avtomobil azacıq sürüşüb istiqamətini dəyişəndə qonşu cərgədəkinə dəyməsin. Avtomobili yerləşə bilən hər yerə salmayın. Bu xaos və mədəniyyətsizlikdir. 2 zolaqda 3 cərgə ilə heç ən yaxşı havada da normal sürmək olmur. Ən vacibi isə, çalışın avtomobilinizi yola çıxarmayın. Onsuz da çətin vaxtdır. Ziyana düşsəniz və ya başqasına ziyan vursanız, uzun müddət peşman olacaqsınız".

DİGƏR XƏBƏRLƏR

Top