
Milli Məclisdə “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Yeniavaz.com “Azərtac”a istinadən xəbər verir ki, bu məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Bildirilir ki, Məcəllənin qüvvəyə minməsi ilə “Dövlət qulluğu haqqında” Qanunla yanaşı, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında”, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında”, “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunların qüvvədən düşməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, qanun layihəsində vətəndaşların dövlət qulluğuna qəbul müsabiqəsi üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı”nın qüvvədəolma müddəti azaldılaraq 5 ildən 2 ilə endirilib.
Sertifikatı olan şəxsin həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət hüququ isə dəyişdirilmədən saxlanılıb.
Eyni zamanda, hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa çatmamış “Dövlət qulluğu sertifikatı”nın hüquqi qüvvəsi qorunur.
Tətbiqimizi yükləyə bilərsiniz