
Dünyanın ən böyük qəhvə şəbəkələrindən biri olan “Starbucks” Şimali Amerikada zərərlə işləyən 250 filialını bağlamaq qərarına gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin tənzimləyici orqana təqdim etdiyi sənədlərə görə, bağlanacaq filialların sayı regiondakı təxminən 18 min “Starbucks” məntəqəsinin 1 faizinə bərabərdir.
Məlumata əsasən, filialların bağlanması prosesi 2026-cı maliyyə ilinin sonuna qədər tamamlanmalıdır. Şirkət restrukturizasiya tədbirləri ilə bağlı xərcin təxminən 300 milyon dollar olacağını hesablayır.
“Starbucks” eyni zamanda 2026-cı il üçün yeni filialların açılması ilə bağlı planını da azaldıb. Şirkət əvvəlcə 600-650 yeni məntəqə açmağı planlaşdırsa da, bu rəqəm hazırda 440 filial olaraq müəyyənləşdirilib.
Filialların optimallaşdırılması “Starbucks”ın baş direktoru Brayan Nikolun strategiyasının bir hissəsidir. Şirkət xərcləri azaltmaq və satışları artırmaq məqsədilə bəzi korporativ vəzifələri ləğv edib, bir neçə regional ofisi bağlayıb.
Bundan başqa, şirkət müştərilərin loyallıq proqramını yeniləyib və menyuda əlavə məhsul seçimlərini artırıb.
Qeyd edək ki, “Starbucks” ötən il də Şimali Amerikada bir sıra zərərli filiallarını bağlamışdı. Həmin məntəqələr arasında şirkətin Sietldəki tarixi filiallarından biri də olub.
Məlumat üçün bildirək ki, “Starbucks”un ilk filialı Azərbaycanda 2015-ci ildə açılıb. Hazırda Bakıda rəsmi şöbələrinin sayını 9-dur. “Starbucks”un Azərbaycandakı bütün müstəsna hüquqları beynəlxalq françayzinq modeli əsasında “Alshaya Azerbaijan” MMC (VÖEN – 1701513331) vasitəsilə Küveytin məşhur “Alshaya Group” şirkətinə məxsusdur. Təməli 1890-cı ildə qoyulan və Yaxın Şərqin ən zəngin, nüfuzlu biznes sülalələrindən biri hesab olunan Alşaya ailəsinə məxsus bu nəhəng şirkət “H&M”, “Victoria's Secret” və “Starbucks” kimi 70-dən çox qlobal brendin regional idarəçisidir.
“Alshaya Group” əsasən ABŞ və Avropa mənşəli brendlərin idarəçisi olduğu üçün mediada və sosial şəbəkələrdə tənqid olunub və barəsində boykot çağırışları edilib. “Reuters”in məlumatına görə, Yaxın Şərqdə geniş vüsət alan könüllü boykot kampaniyaları səbəbindən “Alshaya Group” ciddi maliyyə itkiləri ilə üzləşib. Yaxın Şərq və Şimali Afrika bölgəsindəki “Starbucks” mağazalarında fəaliyyət göstərən 2 000-dən çox əməkdaşını (ümumi işçi qüvvəsinin təxminən 4%-ni) işdən çıxarmaq məcburiyyətində qalıb.
“Starbucks” brendinin Azərbaycandakı ən böyük daşınmaz əmlak və məkan tərəfdaşı “PASHA Malls” qrupudur. Mağazaların böyük əksəriyyəti məhz bu qrupa aid ticarət mərkəzlərində yerləşir.
Onu da bildirək ki, “Starbucks”un brendinin Azərbaycandakı təmsilçiliyinin rəsmi veb-saytının – “starbucks.az” domain adının sahibi hazırda Prezident Aparatının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri vəzifəsində işləyən Gündüz Kərimovdur. Gündüz Kərimov “Starbucks”un Azərbaycanda fəaliyyətə başladığı ilk illərdə məşhur “Baker McKenzie” hüquq şirkətində idarəedici partnyor olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz