FHN 52 min vergi borcu olan GİLAN-ın 3-cü obyektinin də istismarına icazə verdi


Fövqəladə Hallar Nazirliyi (FHN) “GİLAN” MMC-nin sifarişi əsasında Masallı şəhəri, Heydər Əliyev prospekti, 29 ünvanında inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com
xəbər verir ki, ümumi sahəsi 833 kvadratmetr olan qeyri-yaşayış obyekti 1 mərtəbəli binadan ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış obyektinə 20 iyul 2026-cı il tarixli 13678 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “GİLAN” MMC-nin 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan “GİLAN”ın hüquqi ünvanı Nərimanov rayonu, Keşlə stansiyası,  ev Yataqxana-2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Zülfiqar Feyruz oğludur.
Onu da qeyd edək ki, FHN ötən ilin dekabr ayında “GİLAN” MMC-nin sifarişi əsasında Qəbələ rayonu, Savalan kəndi ərazisində inşa olunan və ümumi sahəsi 514 kvadratmetr olan 4 ədəd qeyri-yaşayış obyektinin də  istismarına icazə verib.
Bundan başqa FHN ötən ilin sentyabr ayında GİLAN-ın sifarişi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil çimərliyində inşa olunan daha bir obyektin istismarına icazə verib.
Xatırladaq ki, hazırda “GİLAN” MMC-nin dövlət büdcəsinə 51 min 786 manat 78 qəpik vergi borcu var və uzun müddətdir ödənilmir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top