
Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzi “Teo” MMC (VÖEN – 1503984001) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, satınalma laboratoriya əməkdaşları üçün südün satın alınması ilə bağlıdır. Analitik Ekspertiza Mərkəzi satın alacağı südün qarşılığında “Teo” MMC-yə 9 min 758 manat 36 qəpik ödəyəcək.
Satınalma prosesi dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmədiyi üçün Mərkəzin nə qədər süd aldığı məlum deyil. Lakin ötən il Analitik Ekspertiza Mərkəzinin keçirdiyi analoji tender müsabiqəsinin qalibi də “Teo” MMC olub. MMC 12 min 893 manat 86 qəpik qarşılığında Mərkəzə 4 900 litr 2,5%-li süd satıb (bir litr süd 2,6 manat).
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Teo” MMC 2008-ci ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1, ev 10A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Asıf Valıyevdir.
Onu da qeyd edək ki, “Teo” MMC əsasən dövlət qurumlarına içməli su satır. Şirkət bu günə kimi dövlət qurumlarının içməli su alışı ilə bağlı keçirdiyi onlarla tenderin qalibi olub. MMC-yə daha əvvəl Mustafayev Seymur Rəvayət oğlu rəhbərlik edib. Seymur Mustafayev hazırda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş “Azərsu” ASC) Nizami rayon Sukanal İdarəsinin rəisi vəzifəsində çalışır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz