
Mərkəzi Bank “JET İnformasiya Sistemləri” MMC (VÖEN – 1401388061) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, satınalma “Sızma və Hücum Simulyasiyası (Breach and Attack Simulation – BAS)” sisteminin alınması ilə bağlıdır. Mərkəzi Bank göstəriləcək xidmətin qarşılığnda “JET İnformasiya Sistemləri” MMC-yə 300 min 793 manat 8 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Sızma və Hücum Simulyasiyası (Breach and Attack Simulation – BAS)” – şirkətlərin və təşkilatların kibertəhlükəsizlik sistemlərini yoxlamaq üçün istifadə olunan texnologiyadır. Bu sistem real haker hücumlarını imitasiya edərək təşkilatın təhlükəsizlik tədbirlərinin nə dərəcədə effektiv olduğunu müəyyənləşdirir. BAS platforması kibertəhlükəsizlik sisteminə nəzarət etmək üçün müxtəlif hücum ssenarilərini simulyasiya edir.
Onu da qeyd edək ki, “JET İnformasiya Sistemləri” MMC 2008-ci ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 154, mənzil 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yevgeniy Brenneysen Anatolyeviçdir.
Xatırladaq ki, “JET İnformasiya Sistemləri” MMC-nin rəhbəri Yevgeniy Brenneysen Anatolyeviç Sumqayıt Yəhudi Dini İcmasının sədri, eyni zamanda Bakı Avropa Yəhudilərinin Dini İcmasının sədr müavinidir.
Yevgeni Brenneysen ötən il Bakı Avropa Yəhudilərinin Dini İcması siyahısı üzrə Ümumdünya Sionist Konqresinə (World Zionist Congress) Azərbaycanı təmsil edən əsas namizəd olaraq seçilib. Bu konqres qərargahı Qüdsdə (Yerusəlim) yerləşən və İsraillə dünya yəhudiləri arasında əlaqələri tənzimləyən ən böyük ali orqandır. Ümumdünya Sionist Konqresindən açıqlanan məlumatda bildirilir ki, Yevgeniy Brenneysen Azərbaycan Sionist Federasiyası üzrə əlaqələndirici şəxsdir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz