
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, Ərdoğan Paşinyanı Nyu-Yorkdakı Türk Evində qəbul edib.
Qapalı qapılar arxasında keçirilən görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Görüşdə Türkiyə və Ermənistan arasındakı münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyənin Türkiyə və Ermənistan arasında ikitərəfli ticarət və nəqliyyatda normallaşma prosesini dəstəklədiyini və münasibətlərdə əldə edilən müsbət impulsun davam etməsinin vacib olduğunu bildirib.
Ərdoğan həmçinin, Türkiyənin Azərbaycan və Ermənistan arasında sülh prosesində atılan qarşılıqlı addımları alqışladığını qeyd edib.
Türkiyə Prezidenti beynəlxalq təşkilatlarda Ermənistanla inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini bildirib və Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
Tətbiqimizi yükləyə bilərsiniz