
1950-ci ildə ilk dünya çempionatının keçirilməsindən bu yana Formula 1 dünyanın ən məşhur avtomobil yarışlarından birinə çevrilib. Sürət, texnologiya və rəqabətlə yanaşı, bu idmanın tarixində ağır qəzalar və ölüm halları da mühüm yer tutur. Xüsusilə, Formula 1-in ilk onilliklərində sürücülərin təhlükəsizliyi indiki standartlarla müqayisədə olduqca aşağı səviyyədə olub.
Yeniavaz.com Formula 1 tarixində baş vermiş ağır qəzaları, ölüm halları və bu hadisələrdən sonra tətbiq edilən əsas təhlükəsizlik dəyişikliklərini araşdırıb.
F1-in məlumatına görə, həmin dövrdə sürücülər əsasən rahatlıq və hərəkət sərbəstliyini qorumağa üstünlük verirdilər. Müasir dövrdə istifadə olunan karbon lifli kaskalar, HANS sistemi (qəza zamanı sürücünün boynunu və başını qorumaq üçün istifadə olunan cihaz), altı nöqtəli təhlükəsizlik kəmərləri və “Halo” kimi qoruyucu elementlərin heç biri mövcud deyildi.
Bu şəraitdə ağır qəzalar F1 və digər avtomobil yarışlarının ayrılmaz hissəsinə çevrilmişdi.
Yarış tarixində baş verən ölümcül qəzaların əsas mərhələləri isə belədir:
1952–1957-ci illər – ilk ölümcül qəzalar
Formula 1 tarixində ilk ölüm yarış zamanı deyil, sınaq zamanı baş verib. 18 iyun 1952-ci ildə britaniyalı sürücü Kamerun Örl MIRA sınaq poliqonunda ERA markalı avtomobili sınaqdan keçirərkən qəza nəticəsində həyatını itirib.
Sonrakı illərdə də ölümcül qəzalar davam edib. 1953-cü ildə Çet Miller, 1954-cü ildə isə argentinalı Onofre Marimon həyatını itirib. Marimonun ölümü Almaniya Qran-prisinin məşqləri zamanı “Nürburqrinq” trasında baş verib.
1955-ci ildə də bir neçə ölümcül qəza qeydə alınıb. “Indianapolis 500”ün məşqi zamanı Menni Ayulo, yarışın özündə isə Bill Vukoviç həlak olub. Həmin il Pau Qran-prisində Mario Alborgetti də ölümcül qəza keçirib.
1957-ci ildə isə 26 yaşlı italiyalı Yevgeni Kastellotti Modena avtodromunda “Ferrari 801” avtomobilini sınaqdan keçirərkən həyatını itirib.
10 sentyabr 1961-ci ildə İtaliya Qran-prisində alman pilot Volfqanq von Tripsin avtomobili Cim Klarkın bolidi ilə toqquşub. Von Tripsin avtomobili trasdan çıxaraq tamaşaçıların olduğu əraziyə düşüb. Pilot və 14 tamaşaçı həlak olub.
7 aprel 1968-ci ildə F1 dünyasında böyük sarsıntı yaradan qəza qeydə alınıb. Belə ki, ikiqat dünya çempionu Cim Klark Hokkenhaymda keçirilən F2 yarışında qəza keçirərək həyatını itirib. Onun ölümü F1 dünyasında böyük rezonansa səbəb olub.
1970-ci illər də yarış tarixində iz qoyan bir neçə qəza ilə yadda qalıb.
Həmin ilin 5 sentyabrında avstriyalı Xoken Rint İtaliya Qran-prisinin məşqləri zamanı Monza trasında qəza keçirərək həyatını itirib. Rint həmin mövsümün sonunda dünya çempionu elan edilib.
1976-cı ildə isə Almaniya Qran-prisində Niki Lauda Nürburqrinqdə ağır qəza keçirib. Lauda ciddi xəsarətlər alsa da, sağ qalıb və sonradan Formula 1-ə qayıdaraq daha iki dəfə dünya çempionu olub.
1982-ci ildə Formula 1-də iki ölümcül qəza baş verib. “Ferrari” pilotu Gilles Villenuve 8 mayda Belçika Qran-prisinin sıralanma turunda, italiyalı Rikardo Paletti isə Kanada Qran-prisində qəza keçirərək həyatını itirib.
F1 tarixində ən mühüm dönüş nöqtələrindən biri 1994-cü ilin San Marino Qran-prisi olub.
30 aprel tarixində sıralanma zamanı avstriyalı Roland Ratzenberger qəza keçirərək həyatını itirib. Ertəsi gün isə üçqat dünya çempionu Ayrton Senna yarış zamanı qəza keçirib və aldığı xəsarətlər nəticəsində vəfat edib.
F1 dünya çempionatında sürücünün son ölümcül qəzası 2014-cü ildə qeydə alınıb. Fransalı Yules Biançi oktyabrın 5-də Yaponiya Qran-prisi zamanı qəza keçirib. O, ağır xəsarətlər alıb və 17 iyul 2015-ci ildə vəfat edib.
Qeyd edək ki, keçirilən yarışlar boyu ümumilikdə 100-ə yaxın insan həyatını itirib ki, bunlardan 52 nəfəri pilot olub.
Biançinin qəzası təhlükəsizlik məsələləri yenidən gündəmə gətirib və F1-də “Virtual Safety Car”sistemi tətbiq olunub.
Qeydə alınan bu qəzalardan sonra Formula 1-də təhlükəsizlik standartlarının dəyişdirilməsi sürətləndirilib. Beynəlxalq Avtomobil Federasiyası (FIA) trasların təhlükəli hissələrini yenidən qiymətləndirib, avtomobillərin qəza zamanı sürücünü qoruma imkanlarını artırıb və bir sıra yeni təhlükəsizlik tələbləri tətbiq edib.
2018-ci ildən etibarən isə bütün F1 avtomobillərində sürücünün baş nahiyəsini qorumaq məqsədilə “Halo” sistemi məcburi şəkildə tətbiq edilməyə başlanıb.
Bütün bunlara baxmayaraq, bu gün Formula-1 yarışları çox yüksək səviyyədə keçirilir: avtomobilin sürəti, trasdakı təhlükə, sürücünün reaksiyası əvvəlcədən nəzərə alınır.
Bu standartların arxasında isə təkcə mühəndislik nailiyyətləri deyil, ağır itkilərlə dolu tarix dayanır.
Zöhrə İsazadə
Tətbiqimizi yükləyə bilərsiniz