
İsrailin soyqırımı altında olan Qəzzada əyani dərslər üç il sonra bərpa olunub.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Qəzzada bu müddət ərzində 600 mindən çox şagird əyani təhsildən məhrum olub.
Bununla yanaşı, 22 min şagirdin isə həlak olduğu bildirilir.
Məlumata görə, üç ildir yaşamaq uğrunda mübarizə aparan uşaqlar ilk dəfə şənbə günü təhsilə qayıdıb.
Şərqi Xan Yunis əyalətinin təhsil şöbəsinin müdiri İbrahim Ramazanın sözlərinə görə, baş verən münaqişədən sonra məktəblərin yenidən açılması Qəzza üçün dönüş nöqtəsi olub.
Bölgədəki dağıntılara baxmayaraq, Təhsil Nazirliyi beynəlxalq və yerli təşkilatların dəstəyi ilə 2026-27-ci tədris ilində də fəaliyyətini davam etdirib. Belə ki, şagirdlərin yerləşdirilməsi üçün çadırlardan, metal lövhələrdən hazırlanmış onlarla müvəqqəti məktəb tikilib.
Nazirlikdən gələn açıqlamaya görə, bu il ən azı 540 min şagirdin müvəqqəti özəl məktəblərdə, təlim mərkəzlərində və təhsil müəssisələrində əyani dərslərdə iştirak etməsi gözlənilir.
Həmçinin, müharibə zamanı Qəzzanı tərk edənlər üçün onlayn təhsil davam edəcək.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2023-cü ildə başlayan Qəzza-İsrail müharibəsi nəticəsində ölkədə məktəblərin 98 faizinin dağıdıldığını və ya zədələndiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz