
Azərbaycanda qızların oxu bacarığı üzrə orta göstəricisi oğlanlardan 36 bal yüksək olub.
Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) 2025-ci il nəticələrinə əsasən, Azərbaycanda qızlar 392 bal, oğlanlar isə 356 bal toplayıb.
Qeyd edək ki, PISA 2025 – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 90 ölkədə həyata keçirilən beynəlxalq şagird qiymətləndirmə proqramıdır. Bu proqram əsasən 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirir. PISA-nın əsas məqsədi şagirdlərin məktəbdə öyrəndikləri bilikləri real həyatdakı vəziyyətlərdə tətbiq etmək bacarığını müəyyənləşdirməkdir.
PISA-da oxu bacarığı yalnız şagirdin mətni səslə oxuya bilməsi və ya əzbərlədiyi məlumatı təkrarlaması ilə məhdudlaşmır. Bu kateqoriya şagirdin yazılı mətni başa düşmək, məlumatı təhlil etmək, müxtəlif mənbələrdən nəticə çıxarmaq və oxuduğu məlumatı öz məqsədlərinə uyğun istifadə etmək bacarığını ölçür. Buraya mətndəki əsas fikri müəyyənləşdirmək, məlumatlar arasında əlaqə yaratmaq və yazılanların mənasını qiymətləndirmək kimi bacarıqlar daxildir.
Fələstinli qızlar 90 ölkə arasında ilk sırada yer alıblar.
Qızların oxu üzrə orta balının oğlanlardan daha yüksək olduğu ölkələr arasında ən böyük fərq Fələstində qeydə alınıb. Burada qızların orta göstəricisi 374, oğlanların göstəricisi isə 319 bal olub. Fərq 56 bal təşkil edib.
İkinci ən böyük fərq Sloveniyada qeydə alınıb. Sloveniyada qızlar 471, oğlanlar isə 420 bal toplayıb. Nəticələr arasındakı fərq 52 bal olub.
Bolqarıstanda qızların orta oxu balı 412, oğlanların orta balı isə 364 olub. Beləliklə, qızların xeyrinə olan fərq 49 bal təşkil edib.
Maltada qızlar 438, oğlanlar isə 392 bal toplayıb. Bu ölkədə qızlarla oğlanlar arasında fərq 46 bal olub.
Xorvatiyada qızların orta nəticəsi 477, oğlanların nəticəsi isə 430 bal göstərilib. Burada da qızların xeyrinə 47 ballıq fərq qeydə alınıb.
Ruanda oğlanların orta oxu nəticəsində öndə olduğu yeganə ölkədir
Oxu bacarığı üzrə qızlarla oğlanlar arasındakı fərqin ən az olduğu ölkələr arasında Ruanda xüsusi yer tutur. Ruandada qızların orta oxu balı 298, oğlanların orta balı isə 304 olub. Bu nəticəyə görə oğlanlar qızları 6 bal qabaqlayıb. OECD-nin məlumatına əsasən, Ruanda qızların deyil, oğlanların orta oxu nəticəsində öndə olduğu yeganə ölkədir.
Zambiyada qızlar 326, oğlanlar isə 324 bal toplayıb. Fərq cəmi 2 bal olub. Keniya üzrə qızların orta balı 322, oğlanların orta balı isə 319 təşkil edib və fərq 3 bal göstərilib.
Tacikistanın Düşənbə şəhəri üzrə təqdim olunan nəticələrdə qızlar 372, oğlanlar isə 364 bal toplayıb. Bu göstəricilər arasında 8 ballıq fərq var. Argentinada isə qızların orta balı 394, oğlanların orta balı 385 olub və fərq 9 bal təşkil edib.
Keçmiş SSRİ ölkələri və Azərbaycanın qonşu ölkələr arasında Azərbaycan orta sıralardadır
Keçmiş SSRİ ölkələri və Azərbaycanın qonşu ölkələri üzrə təqdim olunan nəticələrə nəzər saldıqda, Litvada qızların orta oxu balı 486, oğlanların balı 442 olub və fərq 44 bal təşkil edib. Gürcüstanda qızlar 406, oğlanlar 364 bal toplayıb, fərq 42 bal olub. Latviyada isə qızların nəticəsi 450, oğlanların nəticəsi 409 bal göstərilib və fərq 42 bal təşkil edib.
Ermənistanda qızların orta oxu balı 368, oğlanların balı 327 olub. Burada fərq 40 baldır. Moldovada qızlar 423, oğlanlar 385 bal toplayıb və fərq 38 bal təşkil edib.
Ukraynanın cədvəldə göstərilən bölgələri üzrə qızların orta nəticəsi 434, oğlanların nəticəsi 402 bal olub. Fərq 32 bal təşkil edib. Qazaxıstanda qızlar 398, oğlanlar 372 bal toplayıb və fərq 27 bal olub. Qırğızıstanda isə qızların orta balı 358, oğlanların orta balı 331 olub. Fərq 27 bal təşkil edib.
Estoniyada qızların orta oxu balı 512, oğlanların balı 487 olub və fərq 25 bal göstərilib. Türkiyədə qızlar 482, oğlanlar 460 bal toplayıb. Bu ölkədə fərq 22 bal təşkil edib. Tacikistanın Düşənbə şəhəri üzrə təqdim olunan nəticələrdə isə qızlar 372, oğlanlar 364 bal toplayıb və fərq 8 bal olub.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz