Türk əsilli qadın Almaniyadakı seçkilərdə qalib gəldi


Almaniya Əyalət Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrə görə, türk əsilli Elif Eralpı əyalət baş naziri vəzifəsinə namizəd göstərən Sol Partiya 2023-cü ildə keçirilən seçkilərlə müqayisədə səslərini 13,4 faiz bəndi artıraraq 25,7 faizə çatdırıb və seçkinin qalibi olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Sol Partiya indiyədək əldə etdiyi ən yüksək seçki nəticəsi ilə Berlin Əyalət Məclisinə keçirilən seçkilərdə qalib gəlib.
Sol Partiyanın seçkidə qələbə qazanmasından sonra partiya üzvləri türkcə mahnıların sədaları altında əyləniblər.
Xristian Demokrat İttifaqı Partiyası (CDU) isə əvvəlki seçki ilə müqayisədə 9,5 faiz bəndi səs itirərək 18,8 faizə düşüb və seçkidə ikinci olub.
Əyalətdəki hazırkı hökumətdə təmsil olunan partiyalardan Sosial Demokrat Partiyasının (SPD) səs faizi əvvəlki seçki ilə müqayisədə 6,3 faiz bəndi azalaraq 12,1 faizə düşüb. Yaşıllar Partiyasının səs faizi də 4,1 faiz bəndi azalaraq 14,3 faizə geriləyib.
Bu nəticə ilə Berlində hazırkı CDU-SPD koalisiyası çoxluğunu itirib.
Almaniya üçün Alternativ (AfD) partiyası isə əvvəlki seçki ilə müqayisədə səslərini 7,2 faiz bəndi artıraraq 16,3 faizə çatdırıb və yenidən parlamentə daxil olub.
Sosial Ədalət və İqtisadi Anlayış Alyansı (BSW) 4,7 faiz səs toplayaraq 5 faizlik seçki baryerini keçə bilməyib. Azad Demokrat Partiyasının (FDP) səs faizi isə 2,5 faiz olub.
Beləliklə, 159 yerlik Əyalət Məclisində Sol Partiya 47, CDU 35, AfD 29, Yaşıllar 26, SPD isə 22 mandatla təmsil olunacaq.
Seçkinin nəticələri ilə Sol Partiya, Yaşıllar və SPD arasında üçtərəfli koalisiya hökumətinin qurulması mümkün olub.
Lakin Sol Partiya koalisiya qura bilməsə, CDU, SPD və Yaşıllar arasında da əyalət hökuməti yaratmaq mümkün olacaq.
Qeyd edək ki, CDU daha əvvəl Sol Partiya və AfD ilə koalisiyaya girməyəcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top