Çin yeni nəsil yaddaş çiplərinin istehsalına başladı


Çinli DRAM çipi istehsalçısı CXMT beşinci nəsil texnologiya platformasının kütləvi istehsala keçdiyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin bildirdiyinə görə, yeni platforma daha güclü yaddaş çiplərini daha aşağı xərclə və daha az enerji sərfiyyatı ilə istehsal etməyə imkan verir.
CXMT yeni texnologiya əsasında smartfonlar və digər portativ elektron cihazlar üçün iki 24 giqabitlik LPDDR5X çipi təqdim edib. Şirkət bu çiplərin əvvəlki uyğun məhsullarla müqayisədə 50 faiz daha çox məlumat saxlaya bildiyini bildirib.
Yeni platformada məlumat saxlayan hissələr arasındakı məsafə 11,95 nanometrə qədər azaldılıb. CXMT həmçinin yeni texnologiyanın əvvəlki nəsillə müqayisədə bir silikon lövhədən ən azı 50 faiz daha çox çip istehsal edə bildiyini açıqlayıb.
Bu inkişaf Çinin “Samsung”, “SK Hynix” və “Micron” kimi şirkətlərlə yaddaş çipləri bazarında rəqabətini gücləndirmək məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, DRAM çipi kompüter, telefon və digər elektron cihazlarda məlumatları müvəqqəti saxlamaq üçün istifadə olunan yaddaş çipidir. Cihazın sürətli işləməsinə kömək edir, lakin elektrik enerjisi kəsildikdə içindəki məlumatlar silinir. Məsələn, telefonda tətbiqlərin və proqramların işləməsi üçün DRAM yaddaşından istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top