
Almaniyanın hərbi imkanlarını sürətlə genişləndirməsi Avropanın bir sıra ölkələrində narahatlıq yaradıb.
Yeniavaz.com “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Almaniyada Fridrix Merts hökuməti hərbi sahəyə milyardlarla dollar vəsait ayırmaq qərarına gəlib.
Nəticədə bəzi Avropa rəsmiləri Almaniyanın hərbi gücünün artmasının qitədəki güc balansını dəyişə biləcəyindən ehtiyat edirlər.
Polşalı analitik Lukaş Yasinski bu prosesi inqilab adlandırıb. Onun sözlərinə görə, Almaniyanın hərbi gücünün artması ölkənin qonşularına, Avropa İttifaqına və transatlantik münasibətlərə təsir göstərəcək. Analitik Almaniyanın Avropanın təhlükəsizliyi üçün vacib olduğunu, lakin onun Avropa üçün həddindən artıq güclü olmamalı olduğunu bildirib.
Qəzetin məlumatına əsasən, Polşada Almaniyada sağçı qüvvələrin hakimiyyətə gəlməsi halında köhnə ərazi iddialarının yenidən gündəmə gətirilə biləcəyi ilə bağlı narahatlıq var. Fransada isə Almaniyanın Avropanın aparıcı hərbi gücü kimi ölkəni geridə qoya biləcəyindən ehtiyat edilir.
Məlumata görə, Almaniya son dövrlərdə müdafiə sahəsində bəzi Avropa müttəfiqləri ilə əməkdaşlığını azaldıb. 2025-ci ildə ölkənin hərbi xərclərinin təxminən üçdə ikisi Almaniya şirkətlərinə yönəlib. Təxminən 30 faiz əsasən Almaniyada Amerika silah sistemlərinin istehsalına, 10 faizə yaxın vəsait isə Avropadan kənar xərclərə ayrılıb.
Qəzetin yazdığına görə, bu vəziyyət Almaniyanın hərbi gücünün artırılmasının Avropanın ümumi təhlükəsizliyinə və ölkələr arasındakı münasibətlərə təsiri ilə bağlı müzakirələri gücləndirib.
Tətbiqimizi yükləyə bilərsiniz