“Fənərbağça”dan yayımçı şirkətə Okan Burukla bağlı xəbərdarlıq edilib


“Fənərbağça” klubu Türkiyə Super Liqasının yayımçısı “beIN SPORTS”a Okan Burukla bağlı etiraz edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yayımçı qurumdan açıqlama və düzəliş tələb edib, əks halda əməkdaşlığın dayandırılması variantını nəzərdən keçirəcəyini bildirib.
Hadisə “Trabzonspor”la “Qalatasaray” arasında keçirilən matçdan sonra baş verib. Qarşılaşmada “Qalatasaray”ın baş məşqçisi Okan Buruk qırmızı vərəqə alıb.
Məlumata görə, Buruk əvvəlcə texniki zona qaydalarını pozduğu üçün sarı vərəqə ilə cəzalandırılıb. Daha sonra dördüncü hakimlə yaşadığı dialoqdan sonra baş hakim Batuhan Kolak tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Qırmızı vərəqədən sonra yayımçı qurumun müxbiri Okan Burukun hakim qərarları ilə bağlı fikirlərini canlı yayımda tamaşaçılara çatdırıb. Bu hal “Fənərbağça”nın etirazına səbəb olub.
Klub sosial media hesabında yayımladığı açıqlamada yayımçı qurumun rəqib komandanın qırmızı vərəqə alan baş məşqçisinin hakim qərarları ilə bağlı fikirlərini ictimaiyyətə çatdırmasını diqqətlə izlədiyini bildirib.
“Fənərbağça” özünün əvvəlki illərdə yaşadığı mübahisəli qırmızı vərəqə, penalti gözləntiləri və VAR qərarları ilə bağlı hallarda eyni həssaslığın göstərilmədiyini qeyd edib.
Klubun açıqlamasında bütün komandalara bərabər yayımçılıq standartının tətbiq edilməsinin tələb olunduğu vurğulanıb. “Fənərbağça” “beIN SPORT”S rəhbərliyindən məsələ ilə bağlı açıqlama və düzəliş gözlədiyini bildirib.
Açıqlamanın sonunda isə klub tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə yayımçı qurumla münasibətləri dayandırmaq variantını nəzərdən keçirəcəyini açıqlayıb.
Qeyd edək ki, “beIN SPORTS” Qətər mərkəzli “beIN Media Group” şirkətinə məxsus beynəlxalq idman yayım şəbəkəsidir. Şirkət 2015-ci ildə Türkiyənin ödənişli televiziya platforması “Digiturk”u əldə edib. Daha sonra “Digiturk”un idman kanalları “beIN SPORTS” brendi altında fəaliyyət göstərməyə başlayıb. “beIN Media Group”un rəhbəri və baş icraçı direktoru Nasser Əl-Xələifi şirkətin əsas rəhbər şəxslərindən biridir. Türkiyədə “Digiturk” və “beIN Media Group”un baş direktoru vəzifəsini isə Yousef Al-Obaidly icra edir. “beIN SPORT”S Türkiyədə Super Liqa və TFF 1-ci Liqanın yayım hüquqlarına sahibdir. 2024-cü ildə əldə edilən razılaşmaya əsasən, bu hüquqlar 2026–2027-ci il mövsümünün sonuna qədər davam edir.

DİGƏR XƏBƏRLƏR

Top