
Uqanda Türkiyə ilə müdafiə və hərbi sahədəki bütün əməkdaşlığı dayandırdığını açıqlayıb.
Yeniavaz.com Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, qərar Uqandada müxalif siyasi bloqer Fred Lumbuyenin Türkiyədən ölkəyə qaytarılması ilə bağlı Ankara və Kampala arasında yaranan gərginlikdən sonra qəbul edilib.
Uqanda Xalq Müdafiə Qüvvələrinin sözçüsü Kris Magezi açıqlamasında Türkiyə ilə bütün müdafiə və hərbi əməkdaşlığın dərhal dayandırıldığını bildirib. Onun sözlərinə görə, bu qərar iki ölkə arasında qarşılıqlı müdafiə və hərbi əməkdaşlıqla bağlı həll olunmamış məsələlər aradan qaldırılana qədər qüvvədə qalacaq.
Məlumata görə, Uqanda ordusunun baş qərargah rəisi Muhoozi Kainerugaba son həftələrdə Türkiyəyə qarşı sərt açıqlamalar verib. O, daha əvvəl türk vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Gərginliyin əsas səbəblərindən biri Uqanda Prezidenti Yoveri Museveninin tənqidçilərindən biri olan Fred Lumbuyenin Türkiyədən ekstradisiyası ilə bağlı mübahisədir. Lumbuye barəsində zorakılığa təhrik, yanlış məlumat yaymaq və kompüter sistemlərindən sui-istifadə də daxil olmaqla 15 ittiham üzrə axtarış qərarı olduğu bildirilir.
Xəbərdə qeyd olunur ki, Uqanda və Türkiyə arasında təxminən 10 ildir müdafiə sahəsində əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığa hərbi təlim, silah və müşahidə avadanlıqlarının təchizatı, texnologiya transferi, eləcə də terrorla mübarizə və təhlükəsizlik sahəsində birgə fəaliyyətlər daxildir.
Həmçinin Uqandanın paytaxtı Kampalada Türkiyə səfirliyinin qarşısında minlərlə insanın toplandığı bildirilib. Etirazlar səbəbindən səfirlik sentyabrın 18-də fəaliyyətini dayandırıb.
Hadisə ilə bağlı Türkiyə və Uqanda xarici işlər nazirliklərindən hələlik rəsmi açıqlama verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz