Makron Trampa cavab verdi: “Sen-Pyer və Mikelon Fransadır”


Fransa Prezidenti Emmanuel Makron Şimali Atlantik okeanında yerləşən Sen-Pyer və Mikelon arxipelaqının Fransa ərazisi olduğunu bəyan edib.
Yeniavaz.com
BFM TV-yə istinadən xəbər verir ki, Makron bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın bütün bölgəni Amerika bayrağı altında göstərən xəritəsinə cavab olaraq verib.
Şənbə axşamı arxipelaqa gələn Fransa prezidenti bildirib ki, ərazinin Fransaya mənsubluğu ilə bağlı heç bir müzakirəyə ehtiyac yoxdur.
“Aydındır ki, burada müzakirəyə yer yoxdur”, – deyə Makron vurğulayıb.
O qeyd edib ki, Fransa hər gün kiminsə qəribə fikirlər səsləndirməsinə görə öz suverenliyini təsdiqləmək məcburiyyətində deyil.
Makronun səfəri çərçivəsində Kanada Baş naziri Mark Karni ilə görüşü də planlaşdırılır. Bu, Kanada sahillərindən cəmi bir neçə kilometr məsafədə yerləşən arxipelaqda iki ölkə rəhbərinin ilk görüşü olacaq. Fransa prezidenti görüşün Şimali Atlantika və Arktikada artan geosiyasi gərginlik fonunda mühüm siqnal olduğunu bildirib.
Görüşdə enerji əməkdaşlığı, o cümlədən Kanadadan Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünün artırılması məsələsi müzakirə ediləcək.
Makron həmçinin Danimarkanın suverenliyə və beynəlxalq hüquqa hörmətini alqışlayıb. Bu açıqlama Qrenlandiya ilə bağlı ABŞ və Danimarka arasında müzakirələrin davam etdiyi bir vaxtda səslənib.
Təxminən 5800 nəfərin yaşadığı Sen-Pyer və Mikelon arxipelaqı demoqrafik azalma, yüksək yaşayış xərcləri və iqlim dəyişikliyi ilə bağlı problemlərlə üzləşir. Dəniz səviyyəsinin qalxması təhlükəsi səbəbindən Mikelon kəndinin daha yüksək əraziyə köçürülməsi planlaşdırılır. Yeni ərazidə artıq təxminən 12 ev tikilib, layihənin ikinci mərhələsinin isə 25 milyon avroya başa gələcəyi gözlənilir.
Fransa prezidenti arxipelaqda hərbi mövcudluğun gücləndirilməsi planlarını da açıqlayıb. Hazırda ərazidə yalnız köhnə patrul gəmisi fəaliyyət göstərir və onun dəyişdirilməsi təxirə salınıb.
Balıqçılıq sənayesinin tənəzzülündən sonra arxipelaq yeni iqtisadi inkişaf imkanları axtarır. Hakimiyyət kosmik sənayenin inkişafına ümid edir. Burada Avropanın Galileo naviqasiya sistemi üçün yerüstü peyk stansiyası fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top