
ABŞ-yə məxsus F-35 qırıcı təyyarələri üçün nəzərdə tutulan kritik ehtiyat hissələrinin daşınma zamanı marşrutdan çıxaraq Honq Konqa çatdığı bildirilir.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, Avstraliya ordusuna məxsus F-35 təyyarələrinin texniki xidməti üçün ABŞ-yə göndərilən ehtiyat hissələrini daşıyan yükün Sakit okean üzərindən hərəkəti zamanı istiqamətini dəyişərək Honq Konqa çatdığı açıqlanıb.
Məlumata görə, yükün nə üçün Çinin xüsusi inzibati ərazisinə yönləndirildiyi və hissələrin hazırda kimin nəzarətində olduğu dəqiq bilinmir.
Xəbərdə qeyd olunur ki, itkin yükün tərkibində F-35 təyyarəsinin pilot kabinəsini örtən xüsusi örtüklü şəffaf hissə də olub. Bu komponent təyyarənin radarlar tərəfindən aşkarlanmasını çətinləşdirən texnologiya ilə əlaqəlidir.
Hadisədən sonra ABŞ Konqresində araşdırma başladılıb. Pentaqonun F-35 Birgə Proqram Ofisi itkin hissələrin geri qaytarılması, hadisənin araşdırılması və gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlərin görülməsi istiqamətində iş aparıldığını bildirib.
F-35 proqramının logistika sistemində əvvəllər də problemlər qeydə alınıb. ABŞ Hökumət Hesabatlılığı Ofisinin 2023-cü il hesabatına əsasən, beş il ərzində 1 milyondan çox ehtiyat hissəsinin itdiyi və ya inventarda itkin düşdüyü müəyyən edilib. Bu hissələrin ümumi dəyərinin on milyonlarla dollar olduğu bildirilib.
Qeyd edək ki, hazırkı hadisə ilə bağlı hissələrin qəsdən oğurlandığı, yoxsa logistika zamanı səhv istiqamətləndirildiyi hələlik dəqiq müəyyən edilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz