
İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxma ehtimalı ölkə parlamentinin gündəmində qalmaqda davam edir.
Yeniavaz.com xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi bu barədə “Mehr” xəbər agentliyinə müsahibəsində danışıb.
Əzizinin sözlərinə görə, İran parlamentində ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmasını nəzərdə tutan qanun layihələri hazırlanıb. O bildirib ki, “Nüvə Silahlarının Yayılması haqqında Müqavilədən Çıxış Planı” adlı sənədlər çoxsaylı deputat tərəfindən imzalanıb və parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi ilə qanunvericilik şöbəsinə göndərilib.
Komitə sədri qeyd edib ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq üçün konkret tədbirlərin görülməsi, dövlət qurumları arasında koordinasiya və İran rəhbərliyinin vahid qərarı tələb olunur.
İbrahim Əzizi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) fəaliyyətini də tənqid edib. O, agentliyi texniki və peşəkar fəaliyyətindən uzaqlaşmaqda və ABŞ-lə digər nüfuzlu dövlətlərin təzyiq alətinə çevrilməkdə ittiham edib. Tehran daha əvvəl də BAEA-dan İrana qarşı təzyiq vasitəsi kimi istifadə edilməməsini tələb edib.
İranlı deputat ölkənin cənub qonşularını Tehranla koordinasiyanın vacibliyini nəzərdən keçirməyə çağırıb. O, regional vəziyyətə təsir edən əsas məsələlər sırasında İranın nüvə proqramını, ABŞ-lə münasibətləri, Hörmüz boğazındakı vəziyyəti və “müqavimət cəbhəsi”nin inkişafını qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz