
Bu gün, sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Yeniavaz.com xəbər verir ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Antiterror tədbirlərinin əsas məqsədi Qarabağ iqtisadi rayonunda baş verən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin birləşmələrini tərksilah edərək Azərbaycan ərazilərindən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək və ölkənin Konstitusiya quruluşunu bərpa etmək olub. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunan mülki şəxslərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi də qarşıya qoyulan vəzifələr sırasında yer alıb.
Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb. Nəticədə Qarabağdakı separatçı qüvvələr təslim olmaq məcburiyyətində qalıb.
2023-cü il sentyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. Prezident antiterror tədbirlərinin uğurla başa çatdığını və Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğunu açıqlayıb. Dövlət başçısı çıxışında Azərbaycan əsgər və zabitlərinin peşəkarlıqla yanaşı, yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdiyini vurğulayıb.
Antiterror tədbirlərinin nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri tərksilah edilərək ərazidən çıxarılıb. Qarabağda fəaliyyət göstərən qanunsuz separatçı rejim ləğv olunub. Sonrakı dövrdə Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində separatçı rejimin bir sıra əsas rəhbərləri saxlanılıb.
Beləliklə, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi və Konstitusiya quruluşunun bərpası təmin edilib.
2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Tətbiqimizi yükləyə bilərsiniz