
ABŞ, Danimarka və Danimarka Krallığının muxtar hissəsi olan Qrenlandiyanın hakimiyyət orqanları Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı razılaşma əldə edildiyini açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, razılaşma barədə ilk olaraq ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.
O bildirib ki, ABŞ Qrenlandiyanın təhlükəsizliyi və digər ehtiyacları üzərində daimi nəzarət əldə edəcək. Trampın sözlərinə görə, razılaşma müddətsiz olacaq və ABŞ həm özünün, həm də Qrenlandiyanın təhlükəsizliyi üçün zəruri olan hər şeyi etmək hüququna malik olacaq.
Tramp qeyd edib ki, ABŞ-yə qarşı qeyri-dost münasibətdə olan dövlətlər ABŞ-nin razılığı olmadan Qrenlandiyada hərbi mövcudluğa malik ola və ya əhəmiyyətli investisiyalar həyata keçirə bilməyəcəklər. O deyib ki, ABŞ adada öz hərbi mövcudluğunu gücləndirməyə dərhal başlayacaq.
Danimarka və Qrenlandiya hökumətləri razılaşmaları təsdiqləyib və bildiriblər ki, müqavilə gələn həftə BMT Baş Assambleyasının iclası zamanı imzalanacaq. Müqavilə parlamentlər tərəfindən təsdiqlənməlidir. Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, razılaşma ümumi təhlükəsizliyi gücləndirəcək və NATO ilə Avropanın maraqlarına cavab verəcək. Eyni zamanda, müqavilə ilə Danimarkanın suverenliyi və Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququ tanınacaq.
Qeyd edək ki, Qrenlandiya Amerika qitəsindən şimal-qərbdə və Avropadan şimal-şərqdə yerləşən dünyanın ən böyük Arktika adasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz