Gündə cəmi 30 dəqiqə sürətli yerimək erkən ölüm riskini azalda bilər


Erkən ölüm riskini azaltmaq üçün hər gün mütləq 10 min addım atmaq lazım deyil. Daha az addımı sürətli templə atmaq da oxşar fayda verə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “British Journal of Sports Medicine” jurnalında dərc olunan araşdırmada bildirilir.
Alimlər Böyük Britaniyada yaşayan 103 min 684 orta yaşlı insanın məlumatlarını təhlil ediblər. İştirakçılar yeddi gün ərzində aktivlik izləyicilərindən istifadə edib və onların addım sayı, yerimə sürəti və ölüm göstəriciləri orta hesabla 8 il ərzində izlənilib.
“Nəticələr göstərib ki, yerimə sürəti addımların azlığını müəyyən qədər kompensasiya edə bilər. Məsələn, gündə 5 mindən az addım atan, lakin dəqiqədə ən azı 80 addım sürətlə yeriyən insanlarda ölüm riskinin azalması gündə 5–7,5 min addım atan, amma daha yavaş — dəqiqədə təxminən 60 addım — yeriyən insanlarla müqayisə edilə bilib.
Xüsusilə sürətli yerimənin müddəti önəmli olub. Gündə 7,5 mindən az addım atan insanlar arasında gündə cəmi 30 dəqiqə daha sürətli yerimək belə ölüm riskinin azalması ilə əlaqələndirilib.
Ümumilikdə isə erkən ölüm riskinin ən aşağı olduğu qrup gündə 7,5–10 min addım atanlar olub. Araşdırmada həmçinin 30 dəqiqə sürətli yerimənin addımların ümumi sayından asılı olmayaraq daha aşağı ölüm riski ilə əlaqəli olduğu müəyyən edilib.
Oxşar nəticələr ürək-damar xəstəliklərindən ölüm hallarında da müşahidə olunub.
Araşdırma müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, nəticələr hər gün çoxlu addım atmağa vaxtı və ya fiziki imkanı olmayan insanlar üçün əhəmiyyətli ola bilər”, - məqlədə qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top