
Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota Motor” dünya üzrə bütün zavodlarında insanlarla yanaşı müxtəlif işləri yerinə yetirəcək təxminən 40 min insanabənzər robot yerləşdirmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu robotlar 2028-ci ildən başlayaraq, əsaslı modernləşdirmə və yenidənqurma proqramının bir hissəsi olaraq istehsal proseslərinə inteqrasiya olunacaq.
Zavodların modernləşdirilməsi üçün hər il 1 trilyon yen (təxminən 6,4 milyard dollar) ayrılacaq.
Qeyd edək ki, “Toyota Motor” şirkətinin dünya üzrə 60 zavodu var və burada 18 min yüksək ixtisaslı işçi işləyir. Robotlar bu işçilərin səmərəliliyini artırmaq üçün hazırlanıb. Robotlar onlara verilən tapşırıqları müstəqil olaraq yerinə yetirə və bu işləri yerinə yetirmək üçün ən optimal variantları tapa bilirlər. Onlar həmçinin işi öyrənnək “qabiliyyəti”nə də malikdirlər.
Robotların artıq bəzi montaj xətlərində işlədiyi, insan işçilərin hərəkətlərini təqlid etdiyi və getdikcə daha mürəkkəb tapşırıqları yerinə yetirdiyi bildirilir.
Gələcəkdə “Toyota Motor” hətta robotlardan yeni işçilər üçün təlimatçı kimi istifadə etməyi planlaşdırır.
Şirkət rəhbərliyinin fikrincə, robotlar istehsalda insanları əvəz etməyəcək, əksinə, vahid komandanın bir hissəsi olaraq onlarla getdikcə daha fəal əməkdaşlıq edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz