
Boliviyada elm üçün əvvəllər məlum olmayan yeni vəhşi pişik növü müəyyən edilib.
Yeniavaz.com “National Geographic” nəşrinə istinadən xəbər verir ki, “Leopardus tilcayo” adlandırılan bu kiçik pişik təxminən 10 il əvvəl bir sakin tərəfindən bala ikən tapılaraq evə aparılıb.
Təxminən bir il sonra isə heyvan sığınacağına təhvil verilib.
Yeni növ 2019-cu ildə boliviyalı tədqiqatçı Paola Nogales-Ascarrunzin daha əvvəl çəkdiyi fotoşəkilləri araşdırması zamanı diqqət çəkib. Pişiyin üzərindəki naxışların qonşu Braziliyadakı pələng pişiklərindən daha böyük olması onun fərqli növ ola biləcəyi ilə bağlı şübhə yaradıb.
Daha sonra aparılan genetik analizlər zamanı “Leopardus” cinsindən 38 fərdin tam genomu müqayisə edilib. Nəticələr “Leopardus tilcayo”nun digər pələng pişiklərindən genetik baxımdan ciddi şəkildə fərqləndiyini və onların ortaq əcdadından təxminən 1,4 milyon il əvvəl ayrıldığını göstərib.
İndiyədək yeni növün Boliviyanın And dağlarının şərq yamaclarında yerləşən Yungas meşələrində yaşadığı müəyyən edilib. Lakin onun qidalanması, çoxalması və gündəlik həyat tərzi barədə hələ çox az məlumat var. İlkin müşahidələr onun gecə saatlarında daha aktiv olduğunu və kiçik gəmiricilərlə qidalandığını göstərir.
Tədqiqatçıların sözlərinə görə, bu, son 100 ildən artıq müddətdə elmə məlum olan ilk yeni vəhşi pişik növüdür.
Araşdırma həmçinin pələng pişiklərinin əvvəllər düşünüldüyü kimi üç deyil, beş ayrı növdən ibarət olduğunu göstərib. Alimlər hesab edirlər ki, bu cür genetik araşdırmalar digər kiçik vəhşi pişik növlərinin də müəyyənləşdirilməsinə və onların qorunması üçün daha dəqiq tədbirlər görülməsinə kömək edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz