
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri 24,3 milyard dollar olan 48 ədəd beşinci nəsil “F-35 Lightning II” qırıcı təyyarəsi və digər hərbi texnikanın satışı ilə bağlı mümkün müqavilənin təsdiqləndiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, məlumata görə, qırıcı təyyarələrdən əlavə, müqaviləyə 49 ədəd “Pratt & Whitney F135-PW-100” mühərrikinin, eləcə də rabitə avadanlıqlarının, ehtiyat hissələrinin və digər əlaqəli aktivlərin tədarükü də daxildir.
“Təklif olunan bu sövdələşmə, Körfəz bölgəsində siyasi sabitliyin və iqtisadi tərəqqinin təmin edilməsində mühüm rol oynayan əsas qeyri-NATO müttəfiqinin təhlükəsizliyini gücləndirməklə ABŞ-nin xarici siyasət məqsədlərini irəli aparacaq və milli təhlükəsizlik narahatlıqlarını azaldacaq”, - Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.
Departament həmçinin əlavə edib ki, qırıcı təyyarələrin satışı regiondakı hərbi balansı pozmayacaq.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayında ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına NATO xaricində ABŞ-nin əsas müttəfiqi statusu verib.
Tətbiqimizi yükləyə bilərsiniz