
“ByteDance” şirkətinin təsisçisi Çjan İmin ilk dəfə Asiyanın ən varlı adamı olub və hindistanlı sahibkar Qautam Adanini geridə qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Bloomberg Milyarderlər İndeksi”nə istinadla məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, 43 yaşlı İminin xalis sərvəti 105 milyard dolları keçib.
Onun bu yüksəilişi süni intellektlə əlaqəli kapitalın ənənəvi sənaye sahələri üzərində son dövrdəki dominantlığını əks etdirir.
Agentlik qeyd edir ki, bu rekord İmin üçün onun qurucusu olduğu “TikTok” tətbiqinin ABŞ-də qadağan edilməsindən sonra əhəmiyyətli bir addım olub.
“Bloomberg”in məlumatına görə, 2019-cu ilin mart ayından bəri iş adamının xalis sərvəti 13 milyard dollardan səkkiz dəfə artıb.
Qeyd edək ki, İmin 1983-cü ildə Çinin Futszyan əyalətində dövlət qulluqçusu ailəsində anadan olub. 2001-ci ildə Tyantszin şəhərindəki Nankay Universitetinə daxil olub və orada mikroelektronika üzrə təhsil almağa başlayıb. Lakin daha sonra proqram təminatı mühəndisliyinə keçərək, 2005-ci ildə bakalavr dərəcəsi alıb.
Karyerasına “Kuxun” turizm startapında başlayıb və burada qısa bir vaxtda mühəndislikdən texniki direktorluğa yüksəlib. Daha sonra isə o, qısa bir müddət üçün də “Microsoft”a qoşulub.
2012-ci ildə İmin Pekindəki kiçik bir mənzildə “ByteDance” şirkətini qurub. Onun əsas ideyası məzmun tövsiyəsi üçün süni intellektdən istifadə etmək olub. Şirkətin ilk məhsulu “Toutiao” xəbər aqreqatoru olub və 2016-cı ildə “ByteDance” beynəlxalq səviyyədə “TikTok” kimi tanınan “Douyin” tətbiqini təqdim edib.
2021-ci ildə İmin “ideal idarəetmə keyfiyyətlərinin” olmamasını əsas gətirərək “ByteDance”ın baş direktoru və sədri vəzifəsindən istefa verib.
“Bloomberg”in məlumatına görə, o, şirkətin səsvermə hüquqlarının 50%-dən çoxuna sahibdir.
Tətbiqimizi yükləyə bilərsiniz