
Gələn il xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 27,8 faizi həcmində və ya 39 milyard 234 milyon manat proqnozlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin açıqladığı “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində yer alıb.
Bildirilir ki, büdcə gəlirlərinin 39,5 faizi və ya 15 milyard 480 milyon manatı neft-qaz sektorunun, 60,5 faizi və ya 23 milyard 754 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunan göstəricisindən 1 milyard 520 milyon manat və ya 9 faiz, 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74,8 milyon manat və ya 12,7 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80,6 faizi və ya 14 milyard 850 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 faizi və ya 3 milyard 580 milyon manatı neft-qaz sektorunun payına düşür.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 milyard 865 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 0,04 faiz və ya 3 milyon manat çoxdur.
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 11 milyard 900 milyon manatı və ya 30,3 faizi Dövlət Neft Fondundan transfertin, 855 milyon manatı və ya 2,2 faizi səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin, 599 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 585 milyon manatı və ya 1,5 faizi isə sair gəlirlərin payına düşür.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz