Fələstin məsələsinə görə Ed Şiranın məşhur reper dostu ilə arası dəydi


Dünyaca məşhur müğənni Ed Şiranın əsas ifaçı olduğu “Loop” adlı ABŞ qastrol proqramında xaos yaranıb.
Yeniavaz.com
AP-yə istinadla xəbər verir ki, buna səbəb qastroldakı digər məşhur müğənni – reper, Şiranın yaxın dostu Meklmorun konsertlər zamanı “Fələstinə azadlıq” şüarını səsləndirməsi olub.
Təşkilatçı “Messina Touring Group” açıqlama yayaraq bəyan edib ki, konsertlərin keçirildiyi bəzi məkanlar Meklmorun qastroldan xaric edilməsini tələb edib. Onlar, reperin qastroldan kənarlaşdırılmayacağı təqdirdə, konsertlərin keçirilməsinə icazə verməyəcəklərini bildiriblər.
Bundan sonra reper qastroldan kənarlaşdırılıb. Digər məşhur iştirakçılar da – irlandiyalı Aaron Rou, folklor qrupu Beoqa, Danimarka qrupu Lukas Qraham və məşhur müğənni Bili Eylişin qardaşı Finnes Meklmora dəstək olmaq üçün qastrolu tərk ediblər.
Bu hadisədən sonra reper İnstaqram hesabında paylaşım edib. O bildirib ki, dostu Şiranın təşkil etdiyi konsertdə səsini qaldırdığı və oranı tərk etdiyi üçün peşman deyil.
Meklmor, həmçinin konsertdən qazandığı 1 milyon dolları Fələstin xalqına kömək edən altı humanitar təşkilata bağışlayacağını bildirib.
Ed Şiran da İnstaqram səhifəsində dostunun paylaşımına cavab xarakterli post dərc edib. O, Meklmorun konsertdən çıxarılmasının şəxsi deyil, təşkilatçının qərarı olduğunu bildirib. Şiran, həmçinin Fələstində baş verən faciədən kədərləndiyini, lakin peşəkar fəaliyyətində siyasi mövqe nümayiş etdirmək istəmədiyini qeyd edib.
Onun bu yanaşması, Meklmor tərəfindən normal qarşılanıb. Repçi Şirana nifrət bəsləmədiyini və aralarında olan qardaşlıq münasibətinin pozulmayacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, məşhur reper karyerası boyu bir neçə dəfə böyük səs-küyə və qalmaqallara səbəb olub. O, musiqi dünyasında öz sözünü açıq deməkdən çəkinməyən və bu səbəbdən tez-tez tənqid hədəfinə çevrilən bir sənətçi kimi tanınır.
Bununla belə, sözügedən hadisə 13 ildir dostluq münasibətində olduğu Ed Şiranla aralarında yaşanan ilk fikir ayrılığı olub.

DİGƏR XƏBƏRLƏR

Top