
Prezident İlham Əliyev paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Yeniavaz.com xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan dövlət başçısını qarşılayıblar.
Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası, "Universal Energy" şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Çinin Şanxay şəhərində yaradılmış şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir.
"Universal Energy" Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.
Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.
Bu ərazi Günəş elektrik stansiyasının tikintisi məqsədilə hərraca çıxarılıb və Çinin “Universal International Holdings Limited” şirkəti 2024-cü ildə hərracın qalibi olub.
“Qobustan” Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanda hərrac vasitəsilə həyata keçirilən ilk, eyni zamanda, "Universal Energy" şirkətinin ölkəmizdə icra etdiyi birinci layihədir.
Stansiyada Günəş panelləri ilə yanaşı, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tam yerinə yetirilib.
“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 45 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.




Tətbiqimizi yükləyə bilərsiniz