Dünya bazarlarında kərə yağı 30% ucuzlaşıb, marketlərdə isə 2,5% bahalaşıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 102 milyon 372,9 min dollar dəyərində 16 min 548,1 ton kərə yağı idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 6,2 dollar (10,5 manat) olub.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyəri təxminən 6% aşağı düşüb. Belə ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycana gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 6,8 dollar (11,6 manat) olub.
Məlumat üçün bildirək ki, son bir ildə ölkəyə idxal olunan kərə yağının qiymətində cəmi 6% ucuzlaşma olsa da, dünya bazarlarında kərə yağının qiyməti kəskin şəkildə aşağı düşüb. Ötən ilin sentyabr ayının ortalarında dünya bazarlarında 1 kiloqramı 6,9 dollar olan kərə yağı son bir ildə 30%-dən çox ucuzlaşıb və bu ilin sentyabr ayının ortalarında 4,8 dollara (8,2 manat) düşüb.
Lakin onu da qeyd edək ki, dünya bazarlarında kərə yağının kəskin ucuzlaşması, həmçinin idxal olunan kərə yağının gömrük dəyərinin 6% azalmasına baxmayaraq, ölkə daxilindəki pərakəndə satış mağazalarında qiymət artımı qeydə alınıb. Açıqlanan rəsmi məlumatlara görə, ötən ilin iyul ayında supermarketlərdə orta satış qiyməti 24 manat olan idxal kərə yağı son bir ildə 2,5% bahalaşaraq bu ilin iyul ayında 24,6 manata yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top