Çempionlar Liqasının finalı 30 ildən sonra ilk dəfə “Kamp Nou”da keçiriləcək


2028/29 mövsümünün Çempionlar Liqasının final oyunu Barselonadakı “Kamp Nou” stadionunda keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, qərar Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin Salonikidə keçirilən iclasında qəbul edilib.
Final matçı 2 iyun 2029-cu il tarixinə planlaşdırılıb.
Arena Avropanın ən yaxşı klub turnirinin finalına üçüncü dəfə ev sahibliyi edəcək: ilk Çempionlar Liqası kuboku 1989-cu ildə “Kamp Nou”da İtaliyanın “Milan” komandası Rumıniyanın “Styaua” komandasını 4-0 hesabı ilə məğlub etdiyi zaman oynanılıb.
“Kamp Nou”dakı ikinci final oyunu 1999-cu ildə baş tutub və İngiltərənin “Mançester Yunayted” komandası Almaniyanın “Bavariya” komandasını 2-1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 2027/28 mövsümünün Çempionlar Liqasının final oyunu Münhendə keçiriləcək. Oyun 27 may 2028-ci ildə baş tutacaq. “Münhen Arena” tarixində üçüncü dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək. 2012-ci ildə keçirilən ilk finalda “Çelsi” Almaniyanın “Bavariya” komandasını məğlub edərək (əsas və əlavə vaxtdan sonra 1-1, penaltilər seriyasından sonra 4-3) ilk dəfə turnirin qalibi olub. 2025-ci ildə keçirilən ikinci finalda isə “Pari Sen Jermen” İtaliyanın “İnter” komandasını 5-0 hesabı ilə məğlub edərək ilk dəfə Çempionlar Liqasının titulunu qazanıb.
Xatırladaq ki, 2028-ci il Avropa Liqasının finalı Buxarestdə, 2029-cu il Avropa Liqasının finalı isə Belqradda keçiriləcək. 2028-ci il Konfrans Liqasının finalı Turində, 2029-cu il Konfrans Liqasının finalı isə Budapeştdə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top