Qlobal fəlakət zamanı harada yaşamaq daha təhlükəsiz olar? – Araşdırma


Qlobal fəlakət baş verəcəyi təqdirdə insanların hansı ölkələrdə sağ qalmaq şansının daha yüksək olduğu araşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, “Global Challenges” jurnalında dərc olunan araşdırmada ölkələrin əhalisinin sayı, coğrafi mövqeyi, ərzaq və enerji ehtiyatları, həmçinin böhran zamanı dövlət idarəçiliyinin sabitliyi nəzərə alınıb.
Tədqiqatçılar hesab edirlər ki, qlobal fəlakət zamanı ən əlverişli məkanlar böyük şəhərlərdən uzaqda yerləşən, kifayət qədər ərzaq və enerji resurslarına malik və böhranı idarə edə biləcək effektiv hökuməti olan ərazilərdir.
Araşdırmaya görə, dünyanın ən dayanıqlı yerlərindən biri Avstraliya, xüsusilə də Tasmaniya adası hesab olunur.
Bunun əsas səbəbləri Avstraliyanın digər ölkələrdən uzaqda yerləşməsi, enerji istehsalında istifadə oluna biləcək təbii ehtiyatlara və yüksək ərzaq istehsalına malik olmasıdır.
Araşdırmanın rəhbəri, Frankfurtun Höte Universitetinin professoru Florian Yen isə belə bir vəziyyətdə Rusiyadan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, Rusiya nüvə zərbəsi üçün potensial hədəflərdən biri olmaqla yanaşı, dövlət idarəçiliyi, bərabərsizlik və korrupsiya göstəricilərinə görə də aşağı qiymətləndirilib.
Böyük Britaniya da ən təhlükəsiz seçimlər sırasında göstərilmir. Ölkənin ada olması müəyyən üstünlük yaratsa da, nüvə zərbəsi üçün potensial hədəf olması və güclü kosmik hava hadisələrinin təsirinə məruz qala bilməsi risklər sırasında qeyd edilir.
Araşdırmada Avstraliyanın da tam təhlükəsiz olmadığı vurğulanır. Ölkədə meşə yanğınları və daşqınlar ciddi risk yarada bilər. Bundan başqa, ölkənin dünyadan uzaqda yerləşməsi uzunmüddətli böhran zamanı xarici dünya ilə əlaqələrin saxlanılmasını çətinləşdirə bilər.
Tədqiqatçıların yekun qənaəti isə belədir: qlobal fəlakət zamanı tam təhlükəsiz sığınacaq tapmaq demək olar ki, mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top