MDU-da Bilik Günü: Yenilənən universitet yeni hədəflərlə tədris ilinə başladı


2026-cı ilin 15 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində Bilik Günü və 2026/2027-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Universitetin əsas tədris binasında təşkil olunan tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, MDU-nun rektoru Anar Eminov, şəhid ailələrinin üzvləri, universitetin professor-müəllim heyəti, əməkdaşları, tələbə və magistrantlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov universitet kollektivini, tələbə və magistrantları Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
İlham İsmayılov müasir dövrdə ali təhsil müəssisələrinin yalnız bilik verən deyil, eyni zamanda düşünən, təşəbbüskar, məsuliyyətli və cəmiyyətin inkişafına töhfə verməyə hazır gənclər formalaşdıran mühüm mərkəzlər olduğunu bildirib. O, Mingəçevir Dövlət Universitetində son illərdə həyata keçirilən yeniliklərin, yaradılan müasir tədris və tədqiqat mühitinin, tələbələr üçün genişlənən imkanların universitetin inkişaf dinamikasını əks etdirdiyini diqqətə çatdırıb.
İcra başçısı əsaslı şəkildə yenilənmiş universitet binasında tələbələrin yeni tədris ilinə başlamasını xüsusi əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, təhsil infrastrukturu ilə yanaşı, akademik mühitin, gənclərin bilik və bacarıqlarının inkişafı üçün yaradılan imkanların genişləndirilməsi bütövlükdə regionun insan kapitalının güclənməsinə xidmət edir. İlham İsmayılov tələbələrə universitet illərindən səmərəli istifadə etməyi, daim öyrənməyi, yeni təşəbbüslərə açıq olmağı və gələcəyin peşəkarları kimi yetişməyi tövsiyə edib.
Sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib. Deputat Bilik Gününün Azərbaycan cəmiyyətində xüsusi mənəvi məna daşıdığını, elm və təhsilə göstərilən diqqətin ölkənin davamlı inkişafının əsas şərtlərindən biri olduğunu vurğulayıb.
Aydın Mirzəzadə bildirib ki, universitet dövrü gənclərin yalnız ixtisas qazandığı deyil, eyni zamanda dünyagörüşünün, vətəndaş mövqeyinin, sosial məsuliyyətinin və gələcək həyat yolunun formalaşdığı mühüm mərhələdir. O, MDU-da tədris imkanlarının genişləndirilməsini, tələbələrin elmi, sosial və beynəlxalq fəaliyyətlərə cəlb edilməsini, müasir əmək bazarının tələblərinə uyğun yeni istiqamətlərin inkişaf etdirilməsini müsbət qiymətləndirib.
Deputat yeni qəbul olunmuş tələbələri təbrik edərək onlara universitetin yaratdığı imkanlardan maksimum yararlanmağı, yüksək bilik və peşəkarlıqla yanaşı, ölkəsinə və cəmiyyətinə faydalı vətəndaş kimi formalaşmağı arzulayıb.
Tədbirdə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Bilik Günü münasibətilə universitet ailəsini təbrik edib, yeni tədris ilinin professor-müəllim heyəti, tələbə və magistrantlar üçün uğurlu olmasını arzulayıb.
Rektor bildirib ki, MDU 2026/2027-ci tədris ilinə yenilənən universitet mühiti və yeni inkişaf hədəfləri ilə başlayır. Əsas tədris binasında aparılan əsaslı yenilənmə işlərindən danışan Anar Eminov qeyd edib ki, görülən işlər yalnız universitetin xarici görünüşünün dəyişdirilməsi ilə məhdudlaşmır. Tədris məkanlarının müasirləşdirilməsi, auditoriyaların daha funksional və texnoloji imkanlarla təmin olunması, tələbə və əməkdaşlar üçün daha əlverişli, təhlükəsiz və keyfiyyətli universitet mühitinin formalaşdırılması gələcəyin universitet modelinin qurulmasına xidmət edir.
Rektor diqqətə çatdırıb ki, 2026/2027-ci tədris ili üzrə MDU-da bakalavriat səviyyəsində 38 ixtisas üzrə 1631 nəfər tələbə, magistratura səviyyəsində isə 29 ixtisaslaşma üzrə 130 nəfər magistrant adını qazanıb. Ümumilikdə isə 2000-dən çox gənc MDU-nun tələbəsi adını qazanıb. Anar Eminov bildirib ki, qəbul göstəriciləri universitetə artan maraq və etimadla yanaşı, qarşıdakı dövr üçün MDU-nun məsuliyyətini də artırır. Universitetin əsas məqsədinin tələbələrə yalnız akademik bilik qazandırmaq deyil, onları dəyişən əmək bazarına uyğun kompetensiyalara, tədqiqat və innovasiya bacarıqlarına, müasir texnologiyalardan istifadə imkanlarına və qlobal düşüncə tərzinə malik mütəxəssislər kimi yetişdirmək olduğu vurğulanıb.
Rektor çıxışında universitetin beynəlxalqlaşma istiqamətində atdığı addımlara da toxunub. Qeyd edib ki, yeni tədris ilindən etibarən “Kompüter elmləri” və “Turizm işinin təşkili” ixtisasları üzrə tədrisin ingilis dilində həyata keçirilməsi tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasına, xarici dil kompetensiyalarının inkişafına və qlobal əmək bazarına daha hazırlıqlı çıxmasına yeni imkanlar yaradacaq.
Anar Eminov həmçinin ötən dövrdə MDU-da beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi, sənaye və iş dünyası ilə əlaqələrin inkişaf etdirilməsi, tələbələrin akademik mübadilə, layihə, təlim və tədqiqat fəaliyyətlərinə daha geniş cəlb edilməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edib.
Bildirilib ki, universitetin inkişaf fəlsəfəsinin mərkəzində insan kapitalı, keyfiyyətli təhsil, bərabər imkanlar, müasir texnologiyalar, məsuliyyətli idarəetmə, ətraf mühitə həssas yanaşma və universitetin regionun sosial-iqtisadi inkişafındakı rolunun daha da gücləndirilməsi dayanır.
Tədbirin yaddaqalan məqamlarından biri yeni qəbul olunan və yüksək nəticələri ilə fərqlənən tələbələrin mükafatlandırılması olub.
MDU rektorunun müvafiq əmrinə əsasən, universitetə yüksək balla qəbul olunan tələbələrin akademik nailiyyətlərinin təşviqi məqsədilə qərar qəbul olunub. Qərara əsasən, 500 və 600-dən yuxarı bal toplayaq MDU-ya qəbul olunan tələbələrə birdəfəlik pul mükafatları ilə təltif olunublar. 2026/2027-ci tədris ilində MDU-ya qəbul üzrə ən yüksək nəticəni isə “Riyaziyyat müəllimliyi” ixtisasına 626,4 balla qəbul olunan Aysu İsmayılova göstərib.
Tədbirin rəsmi hissəsindən sonra Bilik Günü bədii hissə ilə davam edib. MDU-nun tələbə və məzunlarının, eləcə də Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf mərkəzinin şagirdlərinin ifasında milli rəqslər nümayiş etdirilib, musiqilər səsləndirilib.
Tədbir Mingəçevir Dövlət Universitetinin himninin səsləndirilməsi ilə başa çatıb.
Müasir və tələbəyönümlü təhsil infrastrukturu, beynəlxalq akademik imkanların genişləndirilməsi, yüksək nəticələrin təşviqi, elm və innovasiyaya açıq mühit, milli-mənəvi dəyərlərə bağlılıq və cəmiyyət qarşısında məsuliyyət MDU-nun yeni tədris ilində də əsas inkişaf istiqamətləri olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, Bilik Günü MDU-da yalnız yeni dərs ilinin başlanğıcı kimi deyil, yenilənmiş universitet mühitində yeni ideyaların, yeni imkanların və daha böyük hədəflərin başlanğıcı kimi yadda qalıb.










DİGƏR XƏBƏRLƏR

Top