Trampın oğlunun toyunu Putinə yaxın rusiyalı iş adamı maliyyələşdirib?


ABŞ Prezidenti Donald Trampın oğlu Donald Don Trampın toy məclisinin rusiyalı iş adamı Ömər Kremlev tərəfindən maliyyələşdirildiyi barədə yayılan məlumatlar müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, Donald Don Trampın həyat yoldaşı Bettina Anderson yayılan iddialara münasibət bildirərək, şayiələrə son qoymaq üçün daha əvvəl yayımlanmamış toy fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Bettina Anderson bildirib ki, Donald Don Tramp ilə onlar cümə günü yalnız ailə üzvlərinin iştirakı ilə, gizli şəkildə evləniblər. Onun sözlərinə görə, Baham adalarında keçirilən növbəti tədbirlər isə əvvəlcədən dostları ilə planlaşdırılmış tətil olub.
Anderson rusiyalı iş adamı Ömər Kremlevi “əziz dostumuz Ömər” adlandırıb və onun toy mərasimindən sonra iki axşam şənlik təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, Kremlev bu tədbirlərin xərclərini qarşılayıb və bu, cütlüyə verilən toy hədiyyəsi olub.
Bettina Anderson tədbirin siyasi məqsədlə əlaqələndirilməsinə etiraz edib. O, dostluğun siyasi motiv tələb etmədiyini və şənliyin sadəcə toy hədiyyəsi olduğunu vurğulayıb.
Məlumata görə, əsas nikah mərasimində 18 nəfər, Baham adalarında keçirilən sonrakı şənlikdə isə təxminən 50 nəfər iştirak edib. Toyda Donald Don Trampın bacısı İvanka Tramp və qardaşı Erik Tramp da olub.
Bununla yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratlar məsələ ilə bağlı suallar qaldırıblar. Onlar Ömər Kremlevin Tramp ailəsinə yaxınlığı və tədbirin maliyyələşdirilməsi müqabilində hər hansı gözləntisinin olub-olmadığının araşdırılmasını istəyiblər.
Demokrat konqresmenlər Kremlevin Vladimir Putinlə əlaqələrinin olduğu barədə iddialara da diqqət çəkərək, belə bir şəxsin Tramp ailəsinin tədbirinə niyə yüz minlərlə dollar xərclədiyinə dair cavab tələb ediblər.
Toy və şənliklərin keçirildiyi ada isə yüksək səviyyəli məxfilik və lüks şəraiti ilə tanınan özəl istirahət məkanı kimi təqdim olunur. Məlumata görə, adaya yalnız çarter təyyarəsi və ya qayıqla getmək mümkündür.
Adanın keçmişi də diqqət çəkir. Bildirilir ki, ərazi vaxtilə Medellin narkotik kartelinin fəaliyyəti ilə əlaqəli olub və 1978–1982-ci illərdə kartel lideri Karlos Leder tərəfindən qaçaqmalçılıq bazası kimi istifadə edilib.
Məlumat üçün bildirək ki, Ömər Kremlevin əsl adı və soyadı Umarali Lütfulloyevdir. Tacik əsilli  Ömər Kremlev 1982-ci ildə Moskva vilayətinin Serpuxov şəhərində anadan olub. Gəncliyində boksla məşğul olsa da, 19 yaşında idmanı tərk edib. Kremlevin keçmişi ilə bağlı diqqət çəkən məqam onun məhkumluğunun olmasıdır. Məlumatlara görə, o, 2004-cü ildə şantaj, 2007-ci ildə isə zorakılıq maddəsi ilə məhkum edilib. Kremlev daha sonra müxtəlif sahələrdə, o cümlədən taksi, tikinti, təhlükəsizlik və iaşə biznesində fəaliyyət göstərib. 2010-cu ildə soyadını Lütfulloyevdən Kremlevə dəyişib. 2010-cu illərin ortalarından etibarən boks sahəsində promouter kimi tanınıb və “Patriot” şirkətini yaradıb. Daha sonra Rusiya Boks Federasiyasında rəhbər vəzifələrə yüksəlib. 2017-ci ildə federasiyanın baş katibi olub. Kremlevin adı Rusiya bukmekerlik və lotereya biznesi ilə də əlaqələndirilir. Təqdim olunan məlumatlara görə, 2020–2023-cü illərdə Rusiyanın bukmekerlik bazarında əhəmiyyətli təsir əldə edib. 2021-ci ildə Vladimir Putinin fərmanı ilə Kremlevin şirkəti TSUPIS ölkədə bukmeker mərcləri üzrə vahid operator kimi müəyyən edilib.
O, həmçinin Rusiyanın iri bukmeker şirkətləri – “Fonbet”, “Pari” və “Liga Stavok”la əlaqələndirilir. “Rolf” avtomobil şirkətinin də Kremlevin nəzarətinə keçdiyi barədə məlumatlar mövcuddur.
Kremlevin Rusiya hakimiyyəti ilə yaxın əlaqələri onun beynəlxalq idman fəaliyyətində də müzakirə mövzusuna çevrilib. 2023-cü ildə Vladimir Putinin Çinə səfəri zamanı Kremlev Rusiya nümayəndə heyətinin tərkibində olub.
Kremlevin rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyasının (IBA) fəaliyyətində Rusiyanın dövlət şirkəti “Qazprom” da mühüm maliyyə tərəfdaşlarından biri olub. Bu amil Beynəlxalq Olimpiya Komitəsi ilə IBA arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olan məsələlərdən biri kimi göstərilib.
Beynəlxalq Olimpiya Komitəsi IBA-nın idarəetmə, maliyyələşdirmə və digər məsələləri ilə bağlı narahatlıqlarını açıqlayıb və təşkilatın akkreditasiyasını ləğv edib. Nəticədə boks yarışlarının təşkili IBA-dan alınıb.
Ömər Kremlevin Donald Don Tramp ilə dostluq münasibətlərində olduğu bildirilir. Məhz bu əlaqə onun Tramp ailəsinin Baham adalarındakı toy tədbirinə maliyyə dəstəyi verməsi ilə bağlı xəbərlərin yayılmasından sonra xüsusi diqqət çəkib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top