
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqələr üzrə ofisinin rəhbəri Oleq Kobyakov Hörmüz boğazında yaranan böhranın qlobal ərzaq bazarına təsir göstərə biləcəyini bildirib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Kobyakovun sözlərinə görə, boğazın bağlanması 2026-cı ilin ikinci yarısında və 2027-ci ildə ərzaq istehsalı və tədarükünün azalmasına səbəb ola bilər.
O bildirib ki, problemin təsirləri yalnız hazırkı ərzaq qiymətləri ilə məhdudlaşmır. Böhran kənd təsərrüfatında növbəti məhsul mövsümlərinə də təsir göstərə bilər.
Kobyakovun sözlərinə görə, kənd təsərrüfatında işlər əvvəlcədən müəyyən edilmiş məhsul təqviminə əsasən aparılır. Hətta bir neçə həftəlik gecikmə fermerlərin gübrələrdən istifadəsini azaltmasına və ya tamamilə dayandırmasına səbəb ola bilər. Bu isə sonrakı şəraitdən asılı olmayaraq məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər.
FAO rəsmisi qeyd edib ki, böhranın yaratdığı qarşılıqlı təsirlər uzunmüddətli və ya kəskin ərzaq böhranlarından əziyyət çəkən ölkələrdə ərzaq qiymətlərinin daha da artmasına və aclığın genişlənməsinə səbəb ola bilər.
Qeyd edək ki, regionda davam edən münaqişə fonunda Hörmüz boğazında gəmi hərəkətləri faktiki olaraq dayanıb. Boğaz qlobal neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz daşımalarının əsas marşrutlarından biridir. Gəmiçiliyin məhdudlaşması nəticəsində bir sıra ölkələrdə yanacaq qiymətləri də yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz