
ABŞ Rusiyanın ən böyük banklarından biri olan “VTB Bank”a İrana qarşı tətbiq olunan sanksiyalardan yayınmağa kömək etdiyi iddiası ilə yeni sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, “VTB Bank” son illərdə İranda bank ofisləri açıb, sanksiya tətbiq olunan İran maliyyə qurumları ilə müxbir bank əlaqələri yaradıb və iki ölkə arasında ticarətin genişləndirilməsi üçün maliyyə kanallarının formalaşdırılmasında iştirak edib.
ABŞ Maliyyə Nazirliyi həmçinin VTB-nin milyardlarla dollar dəyərində dondurulmuş İran aktivlərinin köçürülməsi istiqamətində addımlar atdığını və İran rialı ilə Rusiya rublu arasında hesablaşmalar üçün sistem yaratdığını açıqlayıb.
Vaşinqtonun bildirdiyinə görə, “VTB Bank” İran iqtisadiyyatının maliyyə sektorunda fəaliyyət göstərdiyinə görə sanksiya siyahısına daxil edilib.
ABŞ xəbərdarlıq edib ki, VTB ilə əməkdaşlığı davam etdirən xarici maliyyə qurumları ikinci dərəcəli sanksiyalarla üzləşə və ABŞ maliyyə sistemindən kənarlaşdırıla bilər.
“VTB Bank” bundan əvvəl də ABŞ-nin sanksiyalarına məruz qalıb. Bank ilk dəfə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra – 24 fevral 2022-ci ildə sanksiyaya salınıb. 2025-ci ilin yanvarında isə Rusiyanın maliyyə sektoruna qarşı tətbiq edilən əlavə sanksiyaların hədəfinə çevrilib.
Qeyd edək ki, ötən həftə ABŞ İran aviasiyasına, Türkiyədəki bir banka və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən maliyyə qurumlarına qarşı da sanksiyalar tətbiq edib.
Onu da bildirək ki, “VTB Bank” Azərbaycandakı törəmə qurumunun – “VTB Bank (Azərbaycan)” ASC-nin səhmlərinin 99,99 faizinə sahibdir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz