
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq məhsul satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, satışların 24,1 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 1,4 faiz, qeyri-ərzaq mallarının satışı isə 6,9 faiz artıb.
Məhsul qrupları üzrə ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında qeydə alınıb. Bu sahədə satışlar 33,4 faiz artaraq 694,3 milyon manat təşkil edib.
Əczaçılıq məhsulları və tibbi ləvazimatların satışında da 21,6 faiz artım olub və dövriyyə 1,2 milyard manata çatıb. Elektrik malları və mebellərin satışı 8,9 faiz, digər qeyri-ərzaq mallarının satışı 5,2 faiz artıb.
Ümumilikdə əhalinin pərakəndə ticarətdə xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 12,7 faizi geyim və ayaqqabıların, 6,1 faizi avtomobil yanacağının, 4,9 faizi elektrik malları və mebellərin alınmasına sərf olunub.
Hesabat dövründə hər bir Azərbaycan sakini pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 538,6 manatlıq məhsul alıb. Bunun 293,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 245,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz