
Bəzən insanın gününü dəyişmək üçün böyük bir yaxşılıq etməyə ehtiyac yoxdur. Səmimi bir gülüş, nəzakətli münasibət, xoş söz və anlayışlı davranış kifayətdir. Çünki hər birimizin qarşılaşdığı insanların görünməyən dərdləri, içində daşıdığı narahatlıqları var. Bəlkə də bizim adi hesab etdiyimiz bir xoş münasibət kiminsə bütün gününü gözəlləşdirə bilər.
Nəzakət insanın tərbiyəsinin, gülərüzlük isə daxili zənginliyinin göstəricisidir. İnsanlara necə münasibət göstəririksə, əslində özümüz haqqında da o qədər məlumat veririk. Kobudluqla heç bir şey qazanmaq mümkün deyil, ancaq xoş sözlə çox şey dəyişmək mümkündür.
Təəssüf ki, gündəlik həyatın yorğunluğu, şəxsi problemlər və bəzən də əsassız şübhələr bizi insanlara qarşı daha sərt edir. Qarşımızdakının hər davranışında pis niyyət axtarmaq, hər sözdən mənfi məna çıxarmaq həm özümüzü yorur, həm də ətrafımızdakı münasibətləri korlayır. Halbuki hər kəsə bir az anlayışla yanaşmaq, xoş niyyətə üstünlük vermək həyatımızı daha rahat edə bilər.
İnsan yalnız öz rahatlığını düşünəndə deyil, başqalarının rahatlığına da dəyər verəndə cəmiyyət daha yaşanılası olur. Bir-birimizə hörmət etdikcə, xoş münasibəti gündəlik davranışımıza çevirdikcə, ətrafımızda görünməz bir yaxşılıq zənciri yaranır.
Çünki dünya hər birimizin ona baxdığı pəncərədən görünür. Gözəlliyi görən gözəl düşünər, gözəl düşünən isə ətrafına gözəllik bəxş edər.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz