Xırdalan–Bakı qatarlarının hərəkət vaxtı 35 dəqiqəyə enir


Sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) məlumat yayıb.
Bildirilib ki, yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək.
“Hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir. Bu dəyişiklik sərnişinlərə vaxtlarına qənaət etməyə və səfərlərini daha rahat planlaşdırmağa imkan verəcək. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı–Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək”, - məlumatda qeyd olunub.
Bildirilib ki, yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb, o cümlədən Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 reys artırılıb:
“Həmçinin Bakı–Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb”.

DİGƏR XƏBƏRLƏR

Top