
Mebel, ev əşyaları və dekor məhsullarının istehsalı və satışa sahəsində dünyanın ən böyük şirkətlərindən biri hesab olunan İsveç mənşəli IKEA-nın ən tanınan məhsullarından biri – BILLY kitab rəfinin müxtəlif ölkələrdə satış qiymətləri arasında ciddi fərqlər var.
Yeniavaz.com xəbər verir ki, məşhur qrafik dizayner Culi Pizli tərəfindən hazırlanan araşdırmada IKEA-nın məlumatlarından istifadə edilərək 61 ölkədə ağ rəngli, 80x28x202 santimetr ölçülü BILLY kitab rəfinin qiyməti müqayisə edilib.

Müqayisə zamanı yerli qiymətlər ABŞ dollarına çevrilib. 61 bazar üzrə BILLY kitab rəfinin orta qiyməti təxminən 78 dollar təşkil edib.
Ən yüksək qiymət Dominikan Respublikası və Mərakeşdə qeydə alınıb. Bu ölkələrdə kitab rəfinin qiyməti 141 dollardır.
Ən aşağı qiymət isə Yaponiya və Filippində qeydə alınıb – 57 dollar. Beləliklə, eyni model kitab rəfinin ən yüksək və ən aşağı qiyməti arasında təxminən 2,5 dəfə fərq yaranır.
Avropada da qiymətlər arasında müəyyən fərqlər var. Almaniya, Belçika və Niderlandda BILLY-nin qiyməti 58 dollar olduğu halda, İsveçdə bu rəf təxminən 74 dollara satılır.
Maraqlıdır ki, IKEA-nın mənşə ölkəsi olan İsveçdə qiymət bəzi digər Avropa ölkələri ilə müqayisədə daha yüksəkdir.
ABŞ-də BILLY kitab rəfinin qiyməti 79 dollar, Kanadada 65 dollar, Meksikada 118 dollar, Kolumbiyada isə 107 dollar təşkil edir.
Asiya ölkələrində də qiymətlər geniş diapazonda dəyişir. Yaponiyada və Filippində 57 dollar olan kitab rəfi Hindistanda 94 dollara satılır.
IKEA-nın açıqlamasına görə, məhsullar üçün tövsiyə olunan qiymətlər yalnız başlanğıc nöqtəsidir. Son qiymətlərə ölkələr üzrə rəqabət, valyuta məzənnələri və istehlakçı tələbi kimi amillər təsir edir.
BILLY kitab rəfi IKEA-nın standart və geniş yayılmış məhsullarından biri olduğu üçün müxtəlif ölkələrdə qiymət fərqlərini müqayisə etmək üçün əlverişli nümunə hesab olunur.
BILLY kitab rəfinin qiyməti 61 ölkədə aşağıdakı kimi olub:
Dominikan Respublikası – 141 dollar
Mərakeş – 141 dollar
İsrail – 132 dollar
Misir – 128 dollar
Meksika – 118 dollar
Puerto Riko – 115 dollar
Kolumbiya – 107 dollar
Norveç – 96 dollar
Hindistan – 94 dollar
Küveyt – 94 dollar
Avstraliya – 92 dollar
İslandiya – 90 dollar
Yeni Zelandiya – 89 dollar
Türkiyə – 89 dollar
Səudiyyə Ərəbistanı – 88 dollar
Bolqarıstan – 83 dollar
İordaniya – 83 dollar
Macarıstan – 80 dollar
ABŞ – 79 dollar
İrlandiya – 76 dollar
Polşa – 76 dollar
Qatar – 75 dollar
İsveçrə – 75 dollar
BƏƏ – 75 dollar
Böyük Britaniya – 75 dollar
Bəhreyn – 74 dollar
İndoneziya – 74 dollar
İsveç – 74 dollar
Tayvan – 72 dollar
Oman – 71 dollar
Avstriya – 70 dollar
Kipr – 70 dollar
Fransa – 70 dollar
Yunanıstan – 70 dollar
İtaliya – 70 dollar
Sinqapur – 70 dollar
İspaniya – 70 dollar
Estoniya – 69 dollar
Finlandiya – 69 dollar
Latviya – 69 dollar
Litva – 69 dollar
Honkonq/Makao – 67 dollar
Çili – 66 dollar
Kanada – 65 dollar
Serbiya – 65 dollar
Cənubi Koreya – 65 dollar
Portuqaliya – 64 dollar
Danimarka – 62 dollar
Malayziya – 62 dollar
Rumıniya – 62 dollar
Tayland – 61 dollar
Çin – 59 dollar
Belçika – 58 dollar
Xorvatiya – 58 dollar
Çexiya – 58 dollar
Almaniya – 58 dollar
Niderland – 58 dollar
Slovakiya – 58 dollar
Sloveniya – 58 dollar
Yaponiya – 57 dollar
Filippinlər – 57 dollar
Məlumat üçün bildirək ki, IKEA-nın Azərbaycanda rəsmi satış təmsilçisi yoxdur. Lakin, IKEA məhsullarının Azərbaycanda sifarişli satışı həyata keçirilir. Müxtəlif elan saytlarında 80x28x202 santimetr ölçülü ağ rəngli BILLY kitab rəfinin sifarişlə satış qiyməti 469,90 manat göstərilir. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 276 ABŞ dollarına bərabərdir. Beləliklə, Azərbaycandakı qiymət araşdırmada göstərilən 61 ölkənin hamısındakı qiymətlərdən yüksəkdir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz